Angela Merkelin 16 illik fəaliyyəti: Böhranlara sinə gərən "əbədi kansler" - PORTRET

Angela Merkelin 16 illik fəaliyyəti: Böhranlara sinə gərən "əbədi kansler" -  PORTRET backend

Almaniyada 16 illik Angela Merkel dönəmi sona çatır. O, dünyanın 4-cü böyük iqtisadiyyatına sahib olan Almaniyaya birbaşa, ən böyük iqtisadi birlik olan Avropa İttifaqına isə dolayısı ilə rəhbərlik edib.

Yenicag.az “əbədi kansler”in keçdiyi həyat yolunu və siyasətçi Merkel tərəfini oxuculara təqdim edir.

Tam adı Angela Doreta Kasner olan Merkel 1954-cü ildə Hamburqda dünyaya göz açıb. İkinci Dünya Müharibəsindən sonra doğulan ilk Almaniya kansleri olan Merkelin dünyaya gəlməsindən sonra ailəsi Şərqi Almaniyadakı Templin qəsəbəsinə köçüb. Daha sonra məşhur Berlin divarının çəkilməsilə Merkel 18 yaşına qədər orada qalmağa məcbur olub. Atası lüteran rahibi, anası isə müəllim idi. Merkel atasının təsiri altında böyüsə də, bütün siyasi həyatı boyunca öz dini görüşlərini gizləməyə üstünlük verib. Çətin keçən gənclik illərində sonralar siyasi həyatında ona yardım edəcək soyuqqanlılıq, məsuliyyət, hərtərəfli düşünmək qabiliyyətləri formalaşıb.

Əslində, Merkel özü də Berlin divarlarının onun siyasətə atılmasında böyük rol oynadığını qeyd edir və həmin illərin onun ilk siyasi xatirələri olduğunu vurğulayır.

Angela Kasner Kommunist Gənclik Təşkilatında

Dövrün tələblərinə uyğun olaraq ailəsi sonra Merkeli Kommmunist Gənclik Təşkilatına qatılmağa təşviq edir. Merkelin bu təşkilatda yer alması sonralar onu tənqid hədəfinə çevirəcəkdi. Lakin Merkel o dövrü xatırlayarkən, “Əgər şərtlər pis olsaydı, oradan qaçardım. Ancaq durum o qədər də pis deyildi”, – deyə qeyd edir və həmin təşkilat sayəsində sosiallaşdığını bildirir.

1973-cü ildən isə Merkelin həyatında yeni dönəm başlayır: Leypsiq Universitetinə daxil olan Merkel ailəsinin təsir dairəsindən çıxır.

Merkel universitet illərində (solda)

Fizika və kimya üzrə təhsil alan Angela burada ona Merkel soyadını qazandıracaq Ulrix Merkel ilə tanış olub evlənir. Onun bu evliliyi 5 il davam etsə də, o, Merkel soyadından imtina etmir.

O, daha sonra doktorantura təhsili alır və akademiyada tədqiqatçı kimi işə başlayır.

1989-cu ildəki ilk hadisələrdə minlərlə insanın Berlin divarına axın etməsinə baxmayaraq, Merkel dostlarını bara pivə içməyə çağırır və hadisələri kənardan izləməyi üstün tutur.

Siyasətin canlandığını görən Merkel həmin illərdə sağ-mərkəzçilərdən ibarət Demokratik Oyanış partiyasına üzv olur. O, partiyanın sözçüsü olmağı da bacarır.

Merkelin siyasətdəki ilk illəri

Almaniyanın birləşməsilə Merkel Qərbi Almaniyadakı ən böyük partiya olan Xristian Demokrat Partiyasına (CDU) qatılır və CDU-nun ilk qadın üzvlərindən birinə çevrilir. Sosialist keçmişi olan bir şərqi almaniyalı qadının CDU-da yer alması o zamanlar mediada geniş rezonans yaratmışdı.

Partiyanın lideri Helmut Kol seçkilərdən sonra birləşmənin simvolu olaraq Şərqi Almaniyadan olan birinə vəzifə vermək istəyirdi, üstəgəl, yeni hökumətdə qadının olması da şərt idi. Bu məqamda Merkel onun üçün mükəmməl seçim idi.

Angela Merkel və Helmut Kol

Beləliklə, Merkel kansler Helmut Kol tərəfindən 1991-ci ildə Qadınlar və gənclərin məsələləri üzrə federal nazir təyin edilir. 1994-1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə federal nazir kimi fəaliyyət göstərir.

1998-ci ildə seçkilərdə uduzan CDU müxalifətə keçdikdən sonra ciddi maliyyə qalmaqalı üzə çıxdı. Lakin heç kəs açıq şəkildə Kola qarşı gəlməyə cəsarət etmədi.

Merkel isə gözlənilənin əksinə “Frankfurter Allgemeine” qəzetində Kolu istefaya səsləyən yazı qələmə aldı. Onun bu hərəkəti xalq arasında şöhrətinin artmasına gətirib çıxardı. Nəticədə Merkel CDU-nun Baş katibi seçilir. Ancaq o, Kolun yerinə keçmək üçün o qədər də tələsmirdi.

Koldan sonra partiyaya rəhbərlik edən Volfqanq Şoyblenin 2002-ci ildə devrilməsi ilə Merkel partiyanın sədri seçilir.

Merkel CDU-nun rəhbəri seçildikdən sonra, 2002

2005-ci ildəki seçkilərdə qalib gələn Merkel böyük koalisiya hökuməti quraraq Almaniyanın Şərqi Almaniyadan olan ilk qadın və ən gənc (51) kansleri seçildi. Sonrakı seçkilərdə tez-tez ittifaq dəyişdirən Merkel uzaqgörən siyasəti ilə hər dəfə iqtidarını möhkəmlətməyi bacardı.

Merkel 2005-ci ildəki seçkilərdən sonra

Kansler olduğu 16 illik müddət ərzində bir sıra böhranları soyuqqanlılıq və professionallıqla aşan Merkel avro ilə bağlı borc böhranı, Rusiyanın Krımı ilhaqı, məcburi köçkün və qaçqınların Avropa İttifaqı ölkələrinə axını kimi məsələlərdə də dramatiklikdən qaçaraq konkret həll istiqamətləri axtarmağa səy göstərib.

Merkel son zamanlarda sağlıq problemləri ilə gündəmə gəlmişdi. O, tez-tez titrəmə krizləri keçirir, rəsmi səfərlərdə, qarşılama mərasimlərində stuldan istifadə edirdi.

Merkelin siyasi həyatı ilə yanaşı, hobbiləri, tutquları da diqqətçəkəndir. Belə ki, o, bəzək əşyalarından istifadə etməyi sevmir, geyimlərində sadəliyə üstünlük verir, operanı çox sevir. Merkel əsl futbol azarkeşidir. Bu ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edib. Fəaliyyəti dövründə ona edilən 150 avrodan bahalı hədiyyələri parlamentə təhvil verib. Tətilini təbiət qoynunda keçirməyi çox sevən Merkel bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri var. O, çox nadir hallarda ətək və ya don geyinir. Merkel daha çox kostyum və bleyzerlərə üstünlük verir.

Beləliklə, Almaniya və dünya tarixinə adını yazdırmağı bacaran Merkel dönəmi oktyabrın 26-dan etibarən rəsmən sona çatdı.

Gözünü onunla açan alman gəncləri isə “əbədi kansler”dən sonra baş verəcəklərdən tədirginlik duyurlar…

Diaspora