İranın planı türk kəşfiyyatını hərəkətə keçirdi: “Qadını hərbçinin evinə göndərib...”

İranın planı türk kəşfiyyatını hərəkətə keçirdi:  “Qadını hərbçinin evinə göndərib...” backend

Türkiyə kəşfiyyatı və təhlükəsizlik qüvvələri ötən ay İran kəşfiyyatının adam oğurluğu cəhdinin qarşısını uğurla alıb.

 

Teleqraf.com xəbər verir ki, 2018-ci ildə İranın Suriyadakı əməliyyatlarında iştirak etmək əmri alan, amma oradakı müharibəyə qatılmaq istəməyən helikopter pilotu Mehrdad Abdarbaşi Türkiyə Milli Kəşfiyyat Təşkilatı və təhlükəsizlik qüvvələrinin yardımı ilə İran agentlərinin əlindən qaça bilib.

 

Qətərin “Əl-Cəzirə” telekanalına müsahibə verən Abdarbaşi Türkiyəyə minnətdar olduğunu bildirib.

 

Vandan Türkiyəyə daxil olan iranlı pilot bura gəldikdən sonra üçüncü ölkədən sığınacaq almaq istədiyini deyib:

 

“Əvvəlcə Türkiyə polisinə Vanda təhlükəsiz olmadığım üçün başqa şəhərə getmək istədiyimi söylədim, amma onlar dedilər ki, koronavirusla bağlı məhdudiyyətlər var, buna görə indi çətindir”.

 

Türkiyə polisi danışıqlarını dinləmək və izləmək üçün ona xüsusi telefon verib. Abdarbaşi sığınacaq üçün müraciət etdiyi Miqrasiya İdarəsinin bir əməkdaşının qısa müddət sonra onunla görüşmək istədiyini, amma Türkiyə polisinin bunun qaçırılma cəhdi ola biləcəyi şübhəsi ilə onunla görüşməkdən imtina etməsini istədiyini bildirib.

 

Həmin vaxt dolanışıq üçün valyuta alqı-satqısı ilə məşğul olan Abdarbaşi internetdə tanış olduğu iranlı qadınla görüşmək istəyib. Qadının ondan iş tapmaqda kömək istədiyini deyib. Abdarbasşi bildirib ki, Türkiyə polisi bundan sonra həmin qadının İran kəşfiyyatından olub-olmadığını müəyyən etmək üçün ona xüsusi cihaz verib.

 

“Dedilər ki, mən bu cihazı onun telefonuna quraşdıra bilsəm, qadının Votsap yazışmalarına daxil ola bilərəm”, - pilot qeyd edib.

 

O, polisin məsləhəti ilə qadının şəhərdən kənara birlikdə getmək təklifini rədd edib.

 

Türkiyə təhlükəsizlik qüvvələri qadının telefon zənglərini izlədikdən sonra onun İran üçün işləyən agent olduğunu üzə çıxarıb və Abdarbaşinin qaçırılması planına əngəl olublar.

 

 

Plana əsasən, iranlı qadın keçmiş pilotu şam yeməyinə dəvət edəcək və yeməyinə dərman atılan Abdarbaşi İran agentləri tərəfindən qaçırılacaqdı. Sentyabrın 24-də Türkiyə polisinin məsləhəti ilə qadını evinə dəvət etdiyini bildirən Abdarbaşi türk kəşfiyyatının da həmin gün şübhəli agentləri izlədiyini bildirib. Abdarbaşinin qaldığı binaya gələn Türkiyə polisi və kəşfiyyat əməkdaşları axşam saatlarında görüş yerinə gələn iranlı qadını və onun iki agentini yaxalayıb.

 

“Türkiyə polisi və kəşfiyyatı hələ də mənimlə maraqlanır. Həyatımı xilas etdikləri üçün onlara minnətdaram”, - deyən Abdarbaşi İran agentlərinin yenidən onun arxasınca gəlib öldürüləcəyindən qorxduğunu bildirib.

Diaspora