Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkonun azad edilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko Minsk görüşündə 19 gün ərzində bütün girovların, o cümlədən N. Savçenkonun azadlığa buraxılması haqda razılığa gəlindiyini söyləyib.Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü il iyulun əvvəlində Donbassda gedən döyüşlər zamanı separatçıları tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur. N. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətini üzvüdür. Fevralın 10-da Moskvanın Basman rayon Məhkəməsi onun həbs müddətini mayın 13-nə qədər uzadıb.