Çində uyğurlara qarşı repressiyalar: yeni hesabat yayılıb

 Çində uyğurlara qarşı repressiyalar:  yeni hesabat yayılıb backend

Avstraliyanın Strateji Siyasət İnstitutu (ASPİ) Çin hakimiyyətinin uyğur türklərinə qarşı repressiyalarına dair hesabat yayıb.

Novator.az-ın məlumatına görə, hesabatda deyilir ki, Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda kompakt yaşayan müsəlman uyğurlar daimi təqib altındadır, bu təqibləri reallaşdırmaq üçün isə məhəlli inqilab komitələrinin xidmətindən geniş istifadə olunur.

Məhəlli inqilab komitələri Çində kommunist rejiminin qurucusu Mao Tzedunun vaxtından – ötən əsrin ortalarından qalıb və formal olaraq könüllülərdən ibarətdir. Əslində isə komitələri ölkəni idarə edən Kommunist Partiyasının əlində cəmləşmiş hakimiyyət orqanları yaradır.

Məhəlli inqilab komitələrinin üzvlərinin işi adamların evlərinə getmək, yerində araşdırma aparmaq və kiminsə “tərbiyə” edilməsinə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir. Bütün bunlarda məqsəd “yad ünsürləri” vaxtında üzə çıxarmaq, azad düşüncəni boğmaq, Kommunist Partiyasının hökmranlığını gücləndirməkdir.

Sincan bölgəsində bu iş həm də uyğurlara milli-dini kimliyini unutdurmaq niyyəti ilə aparılır.

ASPİ-nin hesabatında bildirilir ki, müasir inqilab komitələri yüksək texnologiyalarla təchiz olunub və komitə üzvləri uyğurların davranışını, emosiyalarını, milli-dini hisslərini nəzarətdə saxlamaq üçün həmin texnologiyalardan, o cümlədən müşahidə kameralarından yararlanırlar. Bundan başqa komitə üzvləri polis əməkdaşlarından uyğurların evlərinə gəlib-gedən qonaqlar, onlara xaricdən edilən telefon zəngləri barədə vaxtaşırı məlumat alırlar.

Hesabatda deyilir ki, Çinin şimal-qərbində yerləşən Sincanda yaradılmış Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası katiblərinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

ASPİ öz araşdırmasını Avstraliya, Böyük Britaniya və ABŞ hökumətlərinin maliyyə dəstəyi ilə aparıb.

Böyük Britaniyanın “The Guardian” qəzeti yazır ki, ASPİ-nin hesabatı Çin hakimiyyətinin uyğurlara qarşı həyata keçirdiyi repressiyalar barədə əvvəlki hesabatlara güc verir.

“Human Rayts Votç” və digər beynəlxalq insan haqları təşkilatları dəfələrlə Çin hökumətinin insanlıq əleyhinə cinayətlər törətdiyini bəyan edib. Bəzi Qərb ölkələrinin hökumətləri Çini hətta soyqırımı siyasəti yürütməkdə təqsirləndirib.

Çin hakimiyyəti bir qayda olaraq ittihamları rədd edir. Ölkənin Böyük Britaniyadakı səfirliyinin “The Guardian” qəzetinin ASPİ-nin hesabatı ilə bağlı sorğusuna cavabı da bu baxımdan fərqlənməyib. Səfirlik hesabatda deyilənləri “Çin əleyhinə yönəlmiş uydurmalar” adlandırıb, Sincandakı yerli komitələrin antiterror tədbirlər çərçivəsində təlim-tərbiyə məktəbləri kimi fəaliyyət göstərdiyini iddia edib və bu komitələrin, məsələn, Fransada radikalizmlə mübarizə aparan mərkəzlərdən fərqlənmədiyini bildirib.

Diaspora