Dünyada ilk: insana donuz böyrəyi köçürüldü - VİDEO

Dünyada ilk: insana donuz böyrəyi köçürüldü - VİDEO backend

ABŞ-lı cərrahlar dünyada bir ilkə imza atıb.

Belə ki, həkimlər ilk dəfə donuzun böyrəyini cərrahi əməliyyatla insana köçürüblər.

Əməliyyat Nyu York şəhərində  “NYU Langone Health” təhsil və araşdırma mərkəzində baş tutub. Böyrəyi köçürülən heyvan geni dəyişdirilmiş donuz olub.

Həkimlər düşünür ki, bu əməliyyat orqan köçürülməsinin gələcəyi üçün dönüm nöqtəsi hesab edilə bilər. 

Əməliyyat zamanı donuz hüceyrələrində olan və insan bədəninin qəbul etmədiyi molekullar dəyişdirilərək hüceyrədən çıxarılıb. Bu sayədə də insanın immunitet sisteminin əks reaksiya verməsinin qarşısı alınıb.

Məlumata görə, əməliyyat beyin ölümü gerçəkləşmiş xəstə üzərində onun ailəsindən xüsusi icazə alınaraq həyata keçirilib. Xəstənin ayağındakı qan damarlarına bağlanan böyrək bədən xaricində saxlanılıb.

Cərrahi əməliyyatı həyata keçirən həkim Robert Montqomeri  bildirib ki,  böyrək öz funksiyalarını yerinə yetirə və kifayət qədər sidik ifraz edə bilir.

Qeyd edək ki, ABŞ Qida və Dərman İdarəsi uzun müddətdir geni dəyişdirilmiş donuzlar üzərində araşdırmalar aparır. Böyrəklə yanaşı, qaraciyər və ürək köçürülməsi üçün də işlər görülür./Ölkə.az 

loading...
Diaspora