Almaniyada baş prokurorun istefası ilə bağlı mübahisələr sakitləşmək bilmir

Almaniyada baş prokurorun istefası ilə bağlı mübahisələr sakitləşmək bilmir backend

Müxtəsər desək, bu iş belə olub: Almaniyanın xüsusi xidmət orqanı olan Konstitusiyanın Qorunması üzrə Federal İdarənin rəhbəri jurnalistlərdən polisə şikayət edib. Səbəb də bu olub ki, guya jurnalistlər dövlət sirrini açıblar. Baş prokuror rəsmi təhqiqata başlayıb, Almaniyanın jurnalistlər birliyi bunu mətbuat azadlığına qəsd kimi qəbul edərək, hay-küy qoparıb. Nəticədə ədliyyə naziri prokuroru istefaya göndərib.


Sanki hər şey aydındır. Amma kimin haqlı, kimin haqsız olması barədə mübahisələrin sonu görünmür. Baş prokuror bir söz, ədliyyə naziri başqa söz deyir. Amma vəzifəsi yüksək olan ikinci birinciyə etimadın itdiyini bəyan edərək, onu istefaya göndərir. Baş prokuror hesab edir ki, nazir həmkarlarının təsiri altında istintaqın işinə qarışır, ona mane olmağa çalışır. Buna görə də müstəqil ekspertiza yerinə nazirlikdən ekspertiza sifariş verib. Müşahidəçilər məsələyə ayrı cür yanaşırlar. Axı, söhbət “Netzpolitik.org” saytının sitat gətirdiyi sənədlərin dövlət sirri olub-olmaması sualını cavablandırmaqdan gedir. Bu suala da dövlət idarəsi cavab verməlidir.

Buna baxmayaraq, ədliyyə naziri də tənqid atəşinə tuş gəlib. Almaniyada belə bir sual ortaya çıxıb: nə üçün o, istintaq barədə çoxdan məlumatlı olduğu halda, məsələ ictimailəşəndən sonra hərəkətə gəlib. Müxalif “İttifaq-90”/”yaşıllar” partiyasının nümayəndələri hesab edirlər ki, hökumət “öz səhv siyasətinə görə prokuroru qurban veriri”.

Bəzi mühafizəkarlar isə baş prokurorun tərəfini tutublar. Məsələn, Xristian Demokrat İttifaqından deputat Patrik Zensburq deyib: “O, siyasətçilərin istintaqa təsir cəhdlərinə müqavimət göstərməklə düzgün hərəkət edir”.

Almaniya Hakimlər İttifaqının sədri Kristof Frank deyib: “Görünür, mənfi siyasi nəticələrdən ehtiyatlanan ədliyyə naziri istintaqı “beşikdəcə boğmaq” istəyir.

Buna etiraz əlaməti olaraq Ədliyyə Nazirliyindən bildiriblər ki, istintaqın gedişatına heç bir müdaxilə olmayıb. Bəli, Baş Prokurorluq da ədliyyə sahəsinə aiddir. Amma dövlət hakimiyyətinin üçüncü müstəqil qolu olan məhkəmədən fərqli olaraq o, prokurorluğa göstəriş vermək səlahiyyəti olan Ədliyyə Nazirliyinin sərəncamındakı icra hakimiyyətinin bir hissəsidir.

Hər necə olsa da, bütün bu qalmaqal Almaniyanın ədalət mühakiməsi sisteminin qüsurlu olduğunu nümayiş etdirib. Belə olan halda bu ölkənin kommunizm ideologiyasından yaxa qurtarıb, müstəqilliyinə lap bu yaxınlarda qovuşan gənc ölkələri tənqid etməyə mənəvi haqqı varmı?
Diaspora