Avqustun 6-da Yaponiyanın Hiroşima şəhərində atom borbadmanı qurbanlarının xatirəsini anım mərasimi keçirilib. Düz 70 il bundan əvvəl ABŞ-ın B-29 Enola Gay bombardmançı təyyarəsi bu şəhərə “Balaca” adlı atom bombasını atıb. Partlayış nəticəsində təqribən 140 min nəfər həlak olub.
Xatirə mərasimi Sülh parkında yerli vaxtla saat 8:15-də - Hiroşima şəhəri üzərində 600 metr hündürlükdə atom bombasının partladığı an bir dəqiqəlik sükutla başlayıb. Sükut dəqiqəsi başlamazdan əvvəl Baş nazir Şinzo Abe, Hiroşima şəhərinin meri Kazumi Matsui və digər rəsmi qonaqlar Sülh parkının mərkəzindəki abidə önünə əklillər qoyublar.
Bütün dünyada nüvə silahının ləğvi günü kimi qeyd edilən “Hiroşima Günü” tədbirlərində Yaponiyanın Baş naziri Şinzo Abe, BMT-nin baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su, ABŞ-ın dövlət katibinin müavini Rouz Qottemüller, Azərbaycanın və digər dövlətlərin bu ölkədəki səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hiroşimanın meri Kazumi Matsui öz bəyanatında beynəlxalq ictimaiyyəti nüvə silahından tamamilə imtina etməyə çağırıb. Mer deyib: “Nə qədər ki, nüvə silahı var, onun qurbanının kim olacağını demək çətindir. Bizim səsimizi eşidin və bu barədə ciddi düşünün”.
ABŞ Prezidentini Hiroşima şəhərini ziyarət etməyə dəvət edən Kazumi Matsui deyib: “ Hiroşimaya gəlin və faciənin canlı şahidlərini dinləyin”. Hiroşimanın meri həmçinin xatırladıb ki, atom bombardmanı nəticəsində yalnız yerli sakinlər deyil, eyni zamanda, Koreya yarımadasının, Çinin, bütün Asiya regionunun sakinləri, həmçinin amerikalı hərbi əsirlər də həlak olublar.
Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe vurğulayıb ki, Yaponiya nüvə silahı olmayan dünyanın yaradılması üçün var gücünü sərf edəcək. Baş nazir deyib: “Ölkəmiz nüvə silahından zərər çəkmiş yeganə dövlətdir. Buna görə də biz nüvə silahı olmayan dünyanın yaradılması üçün var gücümüzü sərf etməkdə qətiyyətliyik”.
Gələn il Hiroşimada böyük yeddiliyin xarici işlər nazirlərinin toplantısının keçiriləcəyini xatırladan Ş.Abe həmin görüşdə nüvə silahı məsələsinin də müzakirə olunacağını deyib.
1945-ci ilin avqustunda ABŞ hərbi təyyarəçiləri II Dünya müharibəsinin başa çatmasını sürətləndirmək məqsədilə Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atıblar. Partlayış nəticəsində Hiroşimanın 350 min sakinindən 140 mini, Naqasakidə isə 74 min insan həlak olub. Partlayışın qurbanlarının əksəriyyəti mülki vətəndaşlar idi.