Navalnının zəhərlənməsi: 45 ölkənin Rusiyaya sualları var

Navalnının zəhərlənməsi:  45 ölkənin Rusiyaya sualları var backend

45 ölkə Kimyəvi Silahlara Qadağa Təşkilatı vasitəsilə Rusiyaya suallar ünvanlayıb.

Kimyəvi Silahlara Qadağa Təşkilatının mərkəzi qərargahı Niderlandın Haaqa şəhərində yerləşir. Suallar oktyabrın 5-də bu şəhərdə Rusiya nümayəndəsinə təqdim olunub.

Suallar rusiyalı müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlıdır.

Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.

Qərb ölkələrinin toksikoloji laboratoriyalarında aparılan analizlər Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini üzə çıxarıb.

“Noviçok” qrupuna daxil olan (noviçok Azərbaycan dilinə tərcümədə "yeni" mənası verir) maddələrin hazırlanmasına 1971-ci ildə Sovet İttifaqında, Moskvadakı Dövlət Üzvi Kimya və Texnologiya Elmi Tədqiqat İnstitutunda başlanıb, 1993-cü ildə, Sovet İttifaqı dağılandan iki il sonra proses tamamlanıb.

“Noviçok” sinir iflici yaradan oxşar kimyəvi maddələr içində ən ölümcülü sayılır. Həm bərk, həm maye halında növləri olan “Noviçok” maddəsi ürəyin fəaliyyətini yavaşladaraq nəfəs yollarını qapadır.

Aqrokimyəvi maddələrdən hazırlanan “Noviçok”un istehsalında istifadə olunan maddələrin yasaq altında olmadığı bildirilir.

Kimyəvi Silahlara Qadağa Təşkilatı 1990-cı ildə “Noviçok” qrupuna daxil olan maddələri nəzarətdə saxlanan maddələr kimi rəsmiləşdirib.

2020-ci il iyulun 7-dən isə “Noviçok” kimyəvi silah kimi tanınıb, onun istehsalı, istifadəsi və yayılması yasaqlanıb.

Novator.az-ın məlumatına görə, 45 ölkənin Kimyəvi Silahlara Qadağa Təşkilatı vasitəsilə Rusiyaya ünvanladığı sualların Aleksey Navalnı ilə bağlı olduğu bilinsə də, konkret hansı sualların qoyulduğu açıqlanmır.

Sualları ünvanlayan ölkələrin (ABŞ, Kanada, Avstraliya və Avropa ölkələri) birgə bəyanatında yalnız o qeyd olunur ki, öz ərazisində kimyəvi silahdan istifadə etməkdə günahlandırılan Rusiya bu ittihamı araşdırmaq üçün hansı addımları atdığını ətraflı izah etməli, həmçinin Kimyəvi Silahlara Qadağa Təşkilatının müfəttişlərinin “Noviçok” məsələsini yoxlamaq üçün Rusiyaya nəzərdə tutduğu səfəri niyə təxirə saldığına aydınlıq gətirməlidir.

Kimyəvi Silahlar Konvensiyasına əsasən, Rusiya suallara 10 gün ərzində cavab verməlidir.

Aleksey Navalnı Almaniyanın “Şarite” klinikasında müalicəsini 2020-ci il sentyabrın 22-də başa vurub. 2021-ci il yanvarın 17-də vətənə dönərkən o, Moskvada həbs edilib.

Navalnı hazırda 2 il 6 aydan çox azadlıqdan məhrumetmə cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Həbsindən sonra Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyət və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb. 

Mənbə: France24.com

loading...
Aydinyol.az