Türkiyənin Van vilayətinin Gürpınar qəsəbəsində yerləşən Hoşap qalasında aparılan arxeoloji qazıntı nəticəsində qədim dövrə aid 4 küp qab tapılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Urartu krallığına aid qalanın yerində XVI əsrdə qurulan və Mahmudi bəylərinin saray kimi istifadə etdiyi Hoşapda tapılan küp qablarda 250 illik tarixi olan qatılaşmış pendir aşkarlanıb.
Ekspedisiya üzvləri qeyd ediblər ki, dörd küpdən üçü salamat olub. “Van vilayəti ərazisində insanlar ta qədimdən pendirin tərkibinə göy otlar vuraraq küp halında torpağa basdırırmışlar. Tədqiqatlar nəticəsində bunun tarixi sübutunu kəşf etdik” – deyə, arxeoloqlar bildiriblər.
Qeyd edək ki, kirəcləşmiş pendirlər analiz edilmək üçün laboratoriyaya göndərilib.