Qiyamçı əfqan dərəsində nə baş verir…
Pəncşir vadisi Əfqanıstanda “Taliban”a qarşı müqavimətin son qalası olaraq qalır. Orada baş verənlərlə bağlı etibarlı məlumat yoxdur. Jurnalistləri ora buraxmırlar, bölgədə rabitə kəsilib. Münaqişə tərəfləri ziddiyyətli məlumatlar verirlər. “Taliban” dərənin onların nəzarətində olduğunu iddia edir, rəqibləri isə bunun əksini söyləyir. Pəncşir əyalətindən olan Naimi Əhməd Şoayb “Moskovskiy komsomolets” qəzetinin müxbiri ilə söhbətdə real vəziyyətdən danışıb.
Moderator.az bildirir ki, Naimi Əhməd Şoayb hazırda Sankt-Peterburqda yaşayan və işləyən peşəkar tərcüməçidir. Bu yaxınlarda bölgəni tərk etməyi bacaran yaxınları və dostlarından Pəncşir vadisindəki vəziyyəti öyrənib.
Naimi Əhməd Şoayb
- Mən özüm Pəncşir əyalətindənəm. Rusiyada iqtisadiyyat üzrə ali təhsil almışam. Təsəvvür yaratmaq üçün bildirim ki, əyalətimiz olduqca kiçikdir, Kabildən 80 km aralıda yerləşir. Əvvəllər ora getmək çətin idi. Cəmi 15 il əvvəl bütün Pəncşir vadisindən keçən bir yol çəkildi.
- Pəncirdə çox adam yaşayır?
- Təxminən 200 min. İş orasındadır ki, vadi hər iki tərəfdən dağlarla əhatə olunub, düzənliklər azdır, ev tikmək üçün torpaq sahəsi çatmır. Bu üzdən orada çox sayda insan yerləşə bilməz.
- Yerlilər nə işlə məşğul olur?
- Kənd təsərrüfatı ilə - buğda əkirlər, heyvandarlıqla məşğul olurlar. Müəssisələrə gəlincə, əyalətdəki yalnız yerli əhali tərəfindən tikilmiş kiçik bir mineral su zavodu var. Emal üçün su Pəncşir çayından götürülür. Əhalinin əlavə gəlir mənbəyi satış üçün hazırladıqları qoz əlavə edilərək qurudulmuş giləmeyvə qarışığından ibarət daşa bənzəyən talxan istehsalıdır. Əsasən pəncşirlilərin yediyi çox yüksək kalorili və doyumlu yeməkdir.
Talxan - qozla qarışdırılmış qurudulmuş giləmeyvədən ibarət qida
- Belə çıxır ki, sadə kəndlilər bir qrup hərbçilərlə birlikdə talibləri geri oturda bildilər?
- Pəncşirlilərin mentalitetini başa düşmək lazımdır. Tarix boyu orada kənardan gələnlərə talelərini həll etməyə icazə verməyən cəsarətli insanlar yaşayıb.
- İndi onlar üçün ikiqat çətindir?
- Taliblərin gəlişindən sonra pəncşirlilər iş yerlərini, sərbəst hərəkət azadlıqlarını itirdilər. Yerli sakinlər “Taliban” qəzəbinin əsas hədəfi oldu.
- Pəncşir indi taliblərin nəzarətindədir?
- Taliblər Pəncşiri tamamilə ələ keçirdiklərini deyirlər, amma bu belə deyil. Əsas yola nəzarət edirlər, amma müqavimət qüvvələrimiz dağlarda və yan vadilərdə oturur. “Taliban” onlara çata bilməyib. İş ondadır ki, müqavimət göstərən uşaqlar hücumdan sonra geri çəkildilər. Hücumda “Taliban” adı altında müxtəlif terror qrupları iştirak edib. Pakistan aviasiyası da müdaxilə etdi. Çox adam öldü. Məhz o zaman müqavimət qüvvələri dağlara çəkildi.
- İnsanlar bu qədər uzun müddət dağlarda necə yaşayırlar, nə yeyirlər, harada yatırlar?
- Pəncşirlər uzun illərdir çətin şəraitdə yaşayırlar, buna alışıblar. Üstəlik, əvvəlcədən özlərinə sığınacaq hazırlamışdılar. Tanımadıqları bir yer deyil. Dağlarda yaşamaq üçün lazımi şərait yaradıblar. Talxan hazırlayıb yeyirlər. Bu məhsulun xüsusi bir xüsusiyyəti var - 100 qram yeyirsən və bütün günü aclıq hiss etmirsən.
“İnsan karvanları əyaləti tərk edir”
- Əyalətin özündə müqavimət qüvvələrinə aid olmayan sadə insanlarla nə baş verir?
- Sadə insanlar az qalıb. “Taliban” yerli əhalini qorxutdu. Fürsət tapanlar oradan ayrıldı. Bəziləri hələ də qaçmağa çalışır. Mənə karvanların dağlardan necə keçdiyini göstərən fotoşəkillər göndərirlər. İnsanlar evlərini, mülklərini tərk edərək Kabilə və ya qonşu şəhərlərə üz tuturlar. Pəncşirdə artıq həyat yoxdur. Taliblər hamısının bu və ya digər şəkildə müqavimət qüvvələrinə kömək etdiyinə inandıqları üçün yerli əhalidən qisas alırlar.
- Necə qisas alırlar?
- Kimisə güllələyirlər. Əsasən gənc oğlanları. Heç qocalara da rəhm etmirlər. Bu vəhşiliklər haqda xəbərlərdə az danışılır, çünki məlumatlar qapalıdır. Pəncşirdən çıxmağı bacaranlardan xəbər tuturuq.
Qaçmağa çalışan və “Taliban” tərəfindən ələ keçirilənlərin ilk növbədə telefonları əllərindən alınır. Telefon sahibi öldürülməyibsə, deməli, onu naməlum istiqamətə aparıblar. Və bu adamın izi itir. Görünür, “Taliban” Pəncirdə təmizləmə aparır, müqavimət göstərməmələri üçün bütün yerli əhalini ərazidən qovmaq istəyirlər.
- İtən insanları tanıyırsınızmı?
- Çoxunu. Kişilərin “KaAZ” maşınlarına mindirildiyi bir video var və sonra heç kim onları görməyib. Bu təkcə Pəncşirdə deyil, Kabildə də baş verir. “Taliban” ölkənin hər yerində əyalətimizin sakinlərini axtarır. Yaşadıqları yeri tapsalar, evlərinə gəlib onları tutub aparırlar və sonrakı taleləri məlum olmur. Əfqanların fikrincə, baş verənlər soyqırımı xatırladır.
- Taliblər arasında razılığa gələ biləcəyiniz normal insanlar var?
- Dilimizdə bir şey başa düşsələr, onlarla danışmaq olar. İş ondadır ki, onların arasında dünyanın hər yerindən bir çox əcnəbi var - ərəblər, çeçenlər və başqaları. Onlar bizim dilimizi başa düşmürlər. Yerli sakinlər heç olmasa, yaxınlarının harada olduğunu öyrənmək üçün onlara müraciət edə bilmirlər.
- İnsanları nəyə görə öldürürlər?
- İnsanları nəyisə düz etməmisən, yanlış adamla əlaqədəsən və sair bu kimi müxtəlif bəhanələrlə əyalətlərdən çıxarırlar. Xalqı qorxudurlar ki, kimsə müqavimət haqda düşünməsin.
Diqqət yetirin, Kabildə mitinqlər keçirildikdə silahlı taliblər yaxınlıqda dayanır. Yalnız jurnalistlər orda olduğu üçün atəş açmırlar. “Taliban” üçün dünya ictimaiyyəti tərəfindən tanınması vacibdir, buna görə də əsl simalarını göstərmirlər. Amma kamera olmayan yerdə istədiklərini edirlər. Düzdü, mitinqləri lentə alan yerli jurnalistlərin döyüldükdən sonra gəzə bilməmələrinə dair nümunələr var. Bu, xəbərlərdə də göstərilib. Bundan sonra müxbirlər işləməkdən imtina ediblər.
- Öldürülənləri dəfn etməyə icazə verirlər?
- Taliblər vitse-prezident Əmrullah Salihin qardaşını güllələdikdən sonra həyat yoldaşı və qızı mərhumu dəfn etməyə icazə verilmədiyini söylədi. Bəlkə də bu, taliblərin cəsədləri təhvil verməməsinin ən bariz nümunəsidir.
- Qaçmağa nail olmuş pəncşirlilər necə yaşayırlar?
- Çoxu Kabilə gəlir. İndi paytaxtı gəzsəniz, yüzlərlə insanın sadəcə, küçələrdə necə yaşadığını görə bilərsiniz. Əksəriyyəti Pəncşirdən və ya “Taliban” tərəfindən işğal edilmiş qonşu şəhərlərdəndir. İnsanlar hər şeylərini itiriblər, yaşamağa yerləri, yeməyə heç nələri yoxdur. Vəziyyət fəlakətlidir, buna görə də əfqanlar dünya ictimaiyyətindən humanitar yardım istəyirlər.
- Bəzi ölkələr Əfqanıstana humanitar yardım göndərir?
- Kabilə bir neçə humanitar yardım partiyası gəldi. Ancaq böyük bir sual var: yardım ünvanına çatdı, yoxsa taliblər onu öz aralarında bölüşdürdü? Orada baş verənlərə heç kim nəzarət edə bilmir.
“Əhali arasında təmizləmə aparırlar”
- Pəncşirdə qalanlar orada necə yaşayırlar?
- Orada əsasən qadınlar və uşaqlar qalıb. Taliblər qadınları yemək bişirməyə, müxtəlif işlər görməyə məcbur edirlər. Ərzağı hardan əldə edəcəkləri onları maraqlandırmır.
- Orada dükanlar işləyir?
- Hələ də işləyən bir neçə dükan var, ancaq böyük ehtimalla orada ərzaqlar tükənib. Şəhər blokada altındadır. Xəstəxanalar, banklar işləmir. Dükanlara heç nə gəlmir. Pəncşir özü boş görünür, heç kim evdən çıxmır.
- Taliblər orada harda yaşayır?
- Onlar bəyəndikləri evləri seçərək sahiblərini çıxarır və öz bazalarını orada yerləşdirirlər.
- Onlar boş vaxtlarını necə keçirirlər?
- Daim hərəkətdədirlər, şəhərdə kəşfiyyat işləri, axtarışlar və yerli əhali arasında təmizləmə aparırlar.
- İnternetdəki xəbərləri izləyirlər?
- Pəncşirdə internet kəsilib, telefon əlaqəsi yoxdur. Bu yaxınlarda taliblər əlaqəni yenidən qurmaq istədiklərini açıqladı, ancaq bu fakt deyil. Bunu etsələr, məqsədləri xəbərləri deyil, düşmənləri izləmək olacaq. İndi bunu onların əvəzinə Kabildə oturan Pakistan xüsusi xidmət orqanları edirlər. Bax, onlar “Taliban”a belə kömək edirlər.
- Belə çıxır ki, yerli sakinlər informasiya blokadasındadır?
- Onların xarici dünya ilə heç bir əlaqəsi yoxdur. Jurnalistlər Pəncşirə buraxılmır, insan haqları nümayəndələri ora getmək üçün icazə istəsələr də, onlara da qadağa qoyuldu.
“Altı ay gözləyin, sonra bir-birlərini öldürməyə başlayacaqlar”
- Pəncşirdə yaxınlarınız qalıb?
- Yaxınlarım çox çətinliklə oradan çıxıblar.
- Siz də tezliklə vətənə qayıtmayacaqsız?
- İnanırıq ki, müqavimət qüvvələri bu gün olmasa da, sabah torpaqları işğalçılardan təmizləyəcək. Çox şey talibləri dəstəkləyən Pakistanın siyasətindən asılıdır. Bu dəstəyi itirsələr, xalqımız onlarla özü bacarar.
- Xəbər proqramlarında əfqanıstanlı qadınların talibləri dəstəklədiyi süjetlər göstərildi. Onlar qara paltarda küçəyə çıxıb şüarlar səsləndirirdilər.
- İş ondadır ki, çox güman taliblərin özləri bu paltarların altında gizlənmişdilər. Onların son 20 ildə etdiklərinə baxsanız, terror aktları və cinayətlər törədərkən tez-tez bu üsuldan istifadə etdiklərini görərsiniz. Xalqımızın bundan xəbəri var. Vaxtilə bir çox talib qadın geyimində saxlanılıb.
- Onların arvad-uşaqları var?
- Təbii ki, var. Bu və ya digər şəhəri işğal etdikdən sonra zorla qadınları və qızları götürürlər. Kifayət qədər nümunələr var. “Ali təbəqə” adlandırılan taliblərin arvad-uşaqları xaricdə, əsasən də Pakistanda yaşayırlar. Sıravi əsgər ailələri isə əvvəllər yaşadıqları şəhərlərdə qalır.
- Bu yaxınlarda taliblərin öz aralarında mübahisə etməyə başladıqları, qruplara ayrıldıqları barədə məlumat yayıldı. Görəsən, niyə?
- Müxtəlif terror qrupları taliblərin qanadı altında toplaşıb. Hakimiyyəti ələ keçirməzdən əvvəl özlərini bir güc olaraq göstərdilər. İndi isə öz aralarında vuruşmağa, əldə etdiklərini bölüşməyə başlayıblar. Bəzi mətbuat orqanlarında yayılan məlumatlara görə, hətta bir-birlərinə atəş də açırlar.
Bu, gələcəkdə də davam edəcək. Maksimum altı ay birlikdə davam gətirəcəklər və bir müddət sonra bir-birlərini qırmağa başlayacaqlar. Belə qruplar uzun müddət bir yerdə davam gətirə bilməzlər. Bu, onların maraqlarına ziddir. Nəticədə taliblər arasında mübahisə və fikir ayrılığı onların hakimiyyəti əllərində saxlamalarına mane olacaq.
- Öz adınızdan müsahibə verməyə razı oldunuz. Nəticələrdən qorxmursunuz?
- Adımı, soyadımı və şəklimi dərc edə bilərsiniz. Qorxmuram, çünki xeyirlə şər arasında mübarizə gedir. Və xalqımız sona qədər taliblərə müqavimət göstərmək niyyətindədir.