Türkiyənin Rizə vilayətinin Güneysu qəsəbəsi ərazisindəki “Qiblə dağı”nın zirvəsində inşa edilən Qiblə Dağı Məscidi əsaslı surətdə yenidən bərpa olunub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, qəsəbənin hər yerindən asanlıqla müşahidə edilən dağın zirvəsində inşa olunan məscid bir il beş aya hazır vəziyyətə gətirilib. Möhtəşəm turizm məkanı kimi tanınan ərazidə yerləşən məscidin ətrafında gözəl parklarla yanaşı, insanların dincəlməsi üçün hər cür şərait yaradılıb. Güneysu icra nümayəndəsi İhsan Selim Bəydaş bildirib ki, 1800-cü ildə Moşula Məhməd və Kuş Əhməd tərəfindən inşa edilən məscid yanğın nəticəsində dağılıb və 1960-cı ildə Yusif Yılmaz tərəfindən bərpa olunub. 2010-cu ildə isə hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə əsaslı surətdə yenidən qurulub.