Alimlər effektiv ebola vaksininə yaxın olduqlarını deyirlər. ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı rəsmiləri Qvineyada aparılmış kliniki sınaqların kifayət qədər uğurlu olduğunu və əksər hallarda ebolaya yoluxmanın qarşısını aldığını xəbər verirlər.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan Cenevrədə müxbirlərə bildirib ki, alimlər, həkimlər, donorlar və dərman şirkətləri vaksinin hazırlanmasına yaxından əməkdaşlıq ediblər. "Əgər bu effektiv olarsa, oyun büsbütün dəyişəcək - hazırkı və gələcək ebola epidemiyalarına qarşı mübarizə metodları dəyişəcək," deyə Çan mətbuat konfransında bildirib.Vaksininin inkişaf etdirilməsində alimlər "çevrə" adlanan metoddan istifadə ediblər. Afrika kəndində ilk ebola halı qeydə alınan kimi alimlər xəstə adamla təmasda olmuş hamını peyvənd ediblər. Dərhal vaksin edilən 2,014 adamdan heç biri ebolaya yolxumayıb. Üç həftə sonra vaksin edilən 2,380 adamdan 16 nəfərinə isə sonradan ebola diaqnozu qoyulub.
Qeyd edək ki, Ötən ilin başlanğıcında Qərbi Afrikada vüsət alan ebola epidemiyası Liberiya, Qvineya və Sierra Leonedə 11,000 adamın həyatına son qoyub.
Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Virusun müxtəlif ştammlarına yoluxma 50 faizdən 90 faizədək hallarda xəstənin ölümü ilə nəticələnir.
Ebola virusunun ilk yayılma halı 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə alınıb.
Virus xəstə adamın qan, qusuntu, ishal, bədəndaxili mayelər, dəri cildinin bütövlüyünün pozulması, ağız və burnu ilə təmas vaxtı ötürülür. O həmçinin, sidik və spermada ola bilər.
Xəstənin paltarı, çamaşırı və toxunduğu səthlərdəki virus yalnız təmasda olan şəxsin dəri cildinin bütovlüyünün pozulduğu halda ötürülə bilər. Xəstəlik qrip kimi hava vasitəsilə ötürülmür və yoluxma yalnız virus daşıyıcısı ilə bilavasitə yaxın təmasla baş verir.
Xəstəliyin ilk simptomları özünü göstərənə kimi 21 günədək vaxt keçə bilər. Bu müddət ərzində virus yoluxucu deyil.