Tbilisinin mərkəzi Qudaiti küçəsindəki tikinti materialları bazarında yanğın baş verib. Nəticədə biri yanğınsöndürən olmaqla 5 nəfər xəsarət alıb. İki şəxs barədə məlumat yoxdur. Xəsarət alanların sayının artacağı istisna olunmur.
Şəhərin üzəri qatı tüstü ilə örtülüb. Polis və fövqəladə hallar xidmətinin əməkdaşları ətraf evlərdəki insanları təhlükəsiz əraziyə köçürüblər.
Yanğının söndürülməsində 15 briqada iştirak edir. Alovu söndürmək və yanğının daha geniş əraziyə keçməsinin qarşısını almaq üçün hadisə yerinə helikopterlər cəlb olunub.
Yanğın bazarın mərkəzindəki rəng anbarında baş verib. Anbarda rəng hazırlanması üçün kimyəvi maddələrlə dolu plastik qablar yanıb. Kimyəvi maddələrin alışması və havaların həddən artıq isti keçməsi yanğınsöndürənlərin işini daha da çətinləşdirib. Buna baxmayaraq, yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını qismən ala biliblər.
Bu, avqustun 4-də Tbilisidə baş verən ikinci yanğın hadisəsidir. Günorta saatlarında Tbilisinin mərkəzindəki İdman Sarayının həyətində də yanğın baş vermişdi. Fövqəladə hallar xidmətinin əməkdaşları burada yanğının söndürməyə müvəffəq olublar.
Hər iki yanğının başvermə səbəbləri araşdırılır.