Ukrayna prezidenti Petro Poroşenko Mariya Qaydara Ukrayna vətəndaşlığı verib və ona yeni pasportunu təqdim edib. ANS PRESS-in məlumatına görə, vətəndaşlıq Mariya Qaydarla yanaşı Forbes-Ukrayna jurnalının keçmiş baş redaktoru Vladimir Fedorinə də verilib.
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Mariya Qaydarı özünün yeni köməkçisi təyin edəndən sonra o, Rusiya vətəndaşlığından imtina etməyə hazır olduğunu bildirmişdi. Bununla belə, o, pasportunu dəyişmək istəmədiyini, ikili vətəndaşlığın qadağan olunduğuna görə bunu etməyə məcbur olduğunu etiraf etmişdi. Əgər cəmiyyət onu qəbul etməsə, Mariya Qaydar istefa verməyə hazır olduğunu da dilə gətirmişdi.Mariya Qaydar məşhur rus yazıçısı Arkadi Qaydarın nəvəsidir. Arkadi Qaydar cəmi 37 il yaşasa da, rus ədəbiyyatında fəaliyyəti ilə yadda qalıb. O həm də uşaq yazıçısı kimi də xatırlanır.
Mariya Qaydarın atası - Yeqor Qaydar isə Rusiyanın dövlət və siyasi xadimi, iqtisadçı olub. Rusiyada yüksək vəzifələrdə çalışan Yeqor Qaydar həm də 1990-cı illərin əvvəllərində Rusiyadakı iqtisadi islahatların əsas rəhbər və ideoloqlarından biri olub.
Y.Qaydar 2009-cu ildə dekabrın 16-da 54 yaşında vəfat edib. O, Rusiyada bazar islahatlarının əsas ideoloqlarından biri idi. Qaydar 90-cı illərinə əvvəllərində Rusiyanın maliyyə naziri, daha sonra isə baş nazir vəzifələrinin icraçısı olmuşdu.