QAZİLER.AZ-ın BBC-yə istinadla verdiyi xəbərə görə, Rusiya təkrar olaraq BMT-yə Arktikadakı sərhədinin dənizin altında olan, lakin materikə bitişik Lomonosov silsiləsinin və Şimal Buzlu okeanının başqa hissələrinin hesabına genişləndirilməsi ricası ilə müraciət edib.
Rusiyanın ərizəsində bildirilir ki, dəniz dibinin bu sahələri materik uclarının təbii davamı sayılır və məhz buna görə də Dəniz konvensiyasına uyğun olaraq ölkənin iqtisadi zonasının genişləndirilməsinə imkan verməlidir.Rusiya təbii ehtiyatlar və ekologiya naziri Sergey Donskoy ötən ilin payızında demişdi ki, söhbət iqtisadi zonanın 1, 2 milyon kvadrat kilometr genişləndirilməsindən gedir və bu, Rusiyaya təbii karbohidrat ehtiyatları 5 milyard ton şərti yanacaq həcmində təxmin edilən əraziyə çıxış verərdi.
Rusiya artıq 2001-ci ildə belə bir müraciət etsə də, BMT bu ricanı kifayət qədər əsaslandırılmadığı üçün rədd etmişdi. Lomonosov silsiləsinin sualtı hissəsinə həm də Kanada iddia edir.
Şimal qütbü və Şimal Buzlu okeanının ona bitişik hissəsi heç bir dövlətə daxil deyil, lakin Kanada, Norveç, Danimarka, Rusiya və ABŞ öz sahilləri boyunca 370 kilometrlik müstəsna iqtisadi zona yaratmaq hüququna malikdir.
Geoloqların təxminlərinə görə bu ərazidə dünyanın bütün tədqiq olunmamış qaz ehtiyatlarının 30, neftinsə 15 faizi gizlənir.
Mart ayında komissiya Rusiyanın Oxot dənizində 52 min kvadrat kilometrlik sahəyə olan iddiasını təmin edib.
Son illərdə Rusiya Arktikada elmi və hərbi fəaliyyətini genişləndirib.
Ötən ilin payızında bəlli olub ki, Rusiya “Arktikadakı milli maraqlarının qorunması” məqsədilə 2017-ci ilədək “Sever” adlanan yeni arktik komandanlıq yaradılmasını planlaşdırır.