COVİD-i yaymağa görə 5 il həbs

COVİD-i yaymağa görə 5 il həbs backend

Vyetnamda Le Van Tri adlı şəxs koronavirusla bağlı tətbiq edilmiş qaydalara məhəl qoymadığına, virusu 8 adama yaydığına görə məhkum olunub. Həmin 8 adamdan biri ölüb.

Novator.az xəbər verir ki, iyun ayından Vyetnamda koronavirusa yoluxma halları artır. İndiyədək ölkədə koronavirusa yoluxanların sayı 550 mini keçib, onlardan 14 min nəfərə yaxını dünyasını dəyişib.

İddiaya görə, 28 yaşlı Le Van Tri iyul ayının əvvəlində motosikletlə Xoşimin şəhərindən Kamau şəhərinə gəlib. Ölkənin cənubunda yerləşən doğma vilayətinə çatar- çatmaz bəlli olub ki, o, özünütəcrid qaydalarına riayət etməyib. Bundan başqa, onun sağlamlıq vəziyyətinə dair bəyannamədə son səyahət tarixçəsi ilə bağlı yalan məlumat verdiyi aşkarlanıb.

Başqa əyalətlərdən Kamauya gələnlərə 21 gün təcrid olunmaq tələbi qoyulsa da, Le Van Tri buna əməl etməyib. Rəsmi məlumata görə, araşdırma göstərib ki, Le Van Tri koronavirus testi pozitiv çıxdıqdan sonra virusu təkcə ailə üzvlərinə yox, getdiyi sosial yardım mərkəzinin işçi heyətinə də ötürüb.

Onun məhkəməsi cəmisi bir gün çəkib. Məhkəmə Le Van Trini 5 il müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, o, 880 dollar məbləğində cərimə də ödəməlidir.

Mənbə: Unilad.co.uk