““Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsi Berlinin başdansovdu geosiyasi işinin nəticəsidir. Bu uğursuzluq Almaniyanın strateji savadsızlığının simvoludur və təsadüfi bir uğursuzluq deyil. Almanların beynəlxalq aləmdəki iqtidarsızlığı sistemli xarakter daşıyır”.
Bu barədə Almaniyanın “Die Welt” qəzetindəki məqaləsində Klaus Qayger əminliklə bildirir.
Əvvəlcə “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirəndə Almaniyanın xarici işlər naziri Hayko Maas yeni hökumətin Berlindən bir qəpik də almayacağını bildirsə də, tezliklə mövqeyindən daşındı. Almanlar ödəməyə razı oldular, lakin müəyyən şərtlər nəzərə alınmaqla. Kabildə bu təklif nəzərə alınmadı. Taliblər Rusiya və Çinin simasında onsuz da müttəfiqlərinin olduğunu söylədilər, ancaq AFR-in bu birliyə qoşulmasına qarşı deyillər, çünki almanların ABŞ-la əməkdaşlığını bağışladılar.
İndi tələblər Əfqanıstanda yeni hökumət tərəfindən qoyulur və Berlinin praktiki olaraq manevr üçün yeri yoxdur. Və təəssüf ki, bu başdansovdu geosiyasi iş təsadüfi uğursuzluq deyil. Almaniyanın beynəlxalq aləmdəki iqtidarsızlığı sistematik xarakter daşıyır.
Alman hökuməti strateji düşünməkdən imtina edir. Güclü dövlətlər xarici və təhlükəsizlik siyasətlərində uzunmüddətli maraq və prinsipləri rəhbər tuturlar. Onlar bunu real siyasət çərçivəsində tanıtmağa çalışırlar. Berlində belə istiqamət göstəricisi yoxdur; xarici siyasəti qarışıqdır və əsasən daxili siyasi hisslərə, iqtisadi maraqlara və mənəvi üstünlük iddialarına yönəlmişdir.
Almaniya vətəndaşları Əfqanıstanda keçirilən əməliyyatdan narazılıqlarını bildirməyə başlayanda hökumət dairələrinin də buna marağı itdi. “Şimal axını-2” qaz kəməri məsələsində Avropa tərəfdaşları və ABŞ ilə müttəfiq münasibətlərindən daha çox iqtisadi maraqlar üstünlük təşkil edirdi. Eyni şey kansler Angela Merkelin əslində birtərəfli qaydada bağladığı Çinlə investisiya müqaviləsi üzrə danışıqlar zamanı da baş verdi.
Berlin alman cəmiyyətinin müəyyən hissələrinin pasifist və əxlaqi duyğularını rəhbər tutduğuna görə, yanlış yolla gedir. Almaniya Suriyadakı vəziyyətə müdaxilə etmədi, amma hazırlıqsız milyonlarla qaçqını qəbul etdi. İllərdir almanlar müdafiə xərclərini praktiki olaraq artırmırlar, halbuki bunu ABŞ tələb edir.
Klaus Qayger məqaləsini bu fikirlə yekulaşdırır: “Əfqanıstanda baş verən hadisələrin kədərli nəticəsi AFR-in strateji savadsızlığının simvoludur. Hayko Maasın açıqlamaları seçiciləri Almaniyanın əslində itirdiyi gücü saxladığına inandırmaq cəhdi idi. Almaniyanın xarici siyasətinə inam ciddi şəkildə sarsılıb. Növbəti dəfə...” (moderator.az)