Yaponiya hökuməti Okinavadakı ABŞ hərbi-dəniz qüvvələrinin Qinovan şəhəri yaxınlığında yerləşən bazasının Henoko rayonuna köçürülməsini bir ay müddətinə təxirə salıb.
Bu barədə mətbuat konfransında məlumat verən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, həmin müddətdə mərkəzi hakimiyyət yerli orqanlarla mövcud fikir ayrılığını aradan qaldırmağa çalışacaq.
Avqustun 7-də Tokioda gözlənilən görüş zamanı Okinavanın qubernatoru Takeşi Onaqa və Baş nazir Şinzo Abe bu məsələni müzakirə edəcəklər.
Futemmada yerləşən ABŞ aviabazasının köçürülməsi ilə bağlı müzakirələr 2006-cı ildən aparılır. Vətəndaşların təşəbbüs qruplarının dəstəyinə arxalanan yerli hakimiyyət orqanları bu bazanın Okinavadan tamamilə çıxarılmasını istəyir. Lakin 2013-cü ildə prefekturanın inzibati orqanları hərbi obyektin adanın başqa bir hissəsinə köçürülməsinə razılıq verib. Baş nazir Şinzo Abenin hökuməti hərbi bazanın Henoko rayonuna köçürülməsini istəsə də, yerli əhali və Okinavanın qubernatoru Takeşi Onaqa bunun əleyhinədir və onun prefekturadan çıxarılmasını istəyir.