XXI əsrin başlanğıcından bəri dünyadakı buzlaqların ərimə tempi rekord həddə çatıb.
Sürix Universiteti nəzdində fəaliyyət göstərən Ümumdünya Buzlaq Monitorinq Xidmətinin yaydığı tədqiqat nəticələrinə əsasən, müşahidə edilən buzlaqların əksəriyyəti hər il yarım metrlə bir metr səviyyəsində buz təbəqəsi itirir və bu da XX əsrin orta göstəricilərindən 2-3 dəfə çoxdur. Xidmət bu prosesi qlobal fenomen adlandıraraq iqlim dəyişikliklərinin təsiri olmadan da buzlaqların sürətlə əriməkdə davam edəcəyini proqnoz edib. Buzlaqların əriməsinin əsas hərəkətverici qüvvəsi isə dünya üzrə temperaturun getdikcə artmasıdır. Hesabatda bildirilir ki, XVI-XIX əsrlərə aid “kiçik buz dövrü”ndə buzlaqların sahəsi və həcmi artsa da, hazırda bir çox faktorların təsiri nəticəsində qlobal tendensiya temperaturun getdikcə artdığını göstərir.Tədqiqatda ən çox təhlükə altında olan regionlar içərisində Alp dağları, Alyaska yarımadasındakı buzlaqlar göstərilib. Bununla belə, bəzi regionlarda, xüsusilə Norveçdə buzlaqların sahəsinin artması kimi təsəlliverici müşahidələr də qeydə alınıb.
Ümumdünya Buzlaq Monitorinq Xidmətinin tədqiqat nəticələri 120 ildən bəri aparılan mərkəzləşdirilmiş reyestrin məlumatları əsasında tərtib edilir. Həmin reyestrdə dünya üzrə 2300 buzlağa aid yerdən, havadan və kosmosdan əldə edilmiş 47000 məlumat toplanıb.