Yaponiyada son həftə ərzində havaların həddindən artıq isti keçməsi 25 nəfərin həlak olmasına, 11670 nəfərin isə xəstəxanalara yerləşdirilməsinə səbəb olub. Yaponiya Yanğın İdarəsinin bu barədə yaydığı məlumatda bildirilir ki, son üç həftədə günvurma nəticəsində 300-dən çox insan uzun müddətə xəstəxanalara yerləşdirilib. Onların yarıdan çoxu 65 yaşından yuxarı insanlardır.
Bütün ölkə ərazisində yüksək temperatur qeydə alınıb. Termometrlərin civə sütunu 39 dərəcəyə çatır. Həkimlər günün əsas hissəsini kölgədə keçirməyi və sərin içkilər qəbul etməyi tövsiyə edirlər.İyulun əvvəlindən başlayaraq Yaponiyada isti və rütubətli hava hökm sürür. Ayın ortalarında “Nanqka” tufanına görə havanın temperaturu aşağı düşsə də, tropik qasırğanın təzyiqi aşağı düşdükdən sonra termometrlərin sütunu yenidən 30 dərəcəni keçib.
Xatırladaq ki, Yaponiyada ötən il isti hava 30 nəfərin həlak olmasına, 35 mindən çox insanın isə xəstəxanalara yerləşdirilməsinə səbəb olmuşdu.
Vüqar Ağayev