“Taliban”a kimlər liderlik edir?

“Taliban”a kimlər liderlik edir? backend

“Euronews” kanalının internet səhifəsində “Əfqanıstan: “Taliban”a kimlər liderlik edir?” başlıqlı yazı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.

“Taliban”ın daxili fəaliyyəti və hərəkatın rəhbərliyi hətta onların 1996-2001-ci illərdə Əfqanıstanı idarə etdikləri dövrdə də həmişə sirlə dolu olub.

Bu radikal islamçı qruplaşmanın Əfqanıstanda hazırkı hökmranlığını nəzərə alsaq, onun liderləri haqda qısa arayış vermək yerinə düşər.

Heybətulla Axundzadə, ali lider

2016-cı ildə Molla Axtar Mənsur ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində həlak olandan dərhal sonra taliblər Heybətulla Axundzadəni özlərinə lider seçdilər.

Axundzadə əvvəllər elə də tanınmış din xadimi olmasa da, taliblərin onu hərbi liderdən çox dini lider kimi qəbul etdiyi bildirilir.

“Taliban”ın lideri seçilərkən “Əl-Qaidə” qruplaşmasının başçısı Ayman əz-Zəvahiri Molla Axtar Axundzadəyə birbaşa dəstəyini ifadə etdi. Zəvahiri Axundzadəni gen-bol tərifləyərək onu “möminlərin əmiri” adlandırdı.

Bu, Axundzadənin “Taliban”ın çoxdankı müttəfiqləri ilə münasibətdə nüfuzunu, cihad məsələsində mövqeyini möhkəmləndirməsinə yardımçı oldu.

Molla Axtar Mənsurun öldürülməsi hərəkat daxilində parçalanma yaratmışdı. Çünki bu zaman taliblərin əksərinə o da aydın olmuşdu ki, sən demə, hərəkatın qurucusu Molla Ömər çoxdan öldürülübmüş və hərəkat daxilində bunu gizlədirmişlər.

Beləliklə, Mollla Axtar Mənsurun ölümü Molla Ömərin ölümünün ört-basdır olunduğunu ifşa etdi və hərəkat daxilində qısa müddət hakimiyyət uğrunda şiddətli mübarizə başlandı.

“Taliban”ın lideri seçilərkən Axundzadənin qarşısında duran əsas vəzifə bu hadisələrin hərəkatda yaratdığı narazılığı aradan qaldırmaq, parçalanmanın qarşısını almaq oldu.

“Taliban”ın ali lideri Heybətulla Axundzadənin üzünü yalnız dini bayramlarda ictimaiyyətə müraciət edərkən görmək mümkündür.

Əbdül Qəni Bəradər, “Taliban”ın qurucularından biri

Əbdül Qəni Bəradər “Taliban”ın bünövrəsinin qoyulduğu şəhərdə – Qəndəharda boya-başa çatıb.

1970-ci illərin sonlarında Sovet İttifaqı Əfqanıstana hücum çəkəndə əfqanların əksəri kimi Molla Bəradərin də həyatı büsbütün dəyişdi: o, üsyançıya çevrildi.

Molla Bəradərin Molla Ömərlə çiyin-çiyinə vuruşduğu deyilir.

1980-ci illərin sonunda SSRİ qoşunlarını geri çəkəndə Əfqanıstanda vətəndaş müharibəsi başlandı. Bəradərlə Ömər “Taliban” hərəkatını məhz həmin xaos və korrupsiya mühitində yaratdılar.

2001-ci ildə “Taliban”ın süqutundan sonra Əfqanıstana rəhbərlik etməyə başlayan Həmid Kərzaya məktub yazmış üsyançılardan ibarət kiçik bir qrupun üzvləri arasında Bəradərin də olduğu haqda ehtimallar var. Üsyançı qrupun həmin məktubunda yaraqlıların yeni administrasiyanı tanıması üçün razılaşmaya gəlmək təklifləri yer almışdı.

2010-cu ildə Pakistanda həbs olunan Bəradər 2018-ci ildə ABŞ-ın təzyiqi ilə azadlığa buraxıldı. Azadlığa çıxandan sonra Bəradər Qətərə köçdü və burada taliblərin siyasi ofisinin rəhbəri təyin edildi.

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması üçün amerikalılarla müqavilənin imzalanması işlərini “Taliban” tərəfdən kurasiya edən Əbdül Qəni Bəradər olub.

Siracəddin Hakkani, “Hakkani” şəbəkəsinin rəhbəri

Siracəddin Hakkani Sovet İttifaqına qarşı cihada qalxmış məşhur komandir Cəlaləddin Haqqaninin oğludur.

“Hakkani”şəbəkəsinə rəhbərlik edən Siracəddin həm də “Taliban” hərəkatı liderinin müavinidir.

Vaxtilə sovet qoşunları ilə döyüşmüş “Hakkani” şəbəkəsi son 20 ildə ABŞ-ın Əfqanıstanda rəhbərlik etdiyi NATO qüvvələrinə və yerli qüvvələrə qarşı mübarizə aparan ən təhlükəli terror qruplaşmalarından biri hesab olunur.

“Hakkani” şəbəkəsi “canlı bombalar”dan istifadə edən terrorçu qruplaşma kimi tanınır. Onun bu illər ərzində Kabildə ən qanlı hücumlardan birini təşkil etdiyi deyilir.

Şəbəkə həmçinin Əfqanıstanın yüksək rütbəli rəsmilərini öldürməkdə və 2014-cü ildə azad edilən ABŞ əsgəri Bou Berqdal da daxil olmaqla Qərb ölkələrinin vətəndaşlarını oğurlayıb əvəzində pul istəməkdə təqsirli bilinir.

“Hakkani” müstəqil, eyni zamanda “Taliban” hərəkatının rəhbərliyinə əhəmiyyətli dərəcədə təsiri olan bir şəbəkə sayılır. Döyüş bacarığı və işgüzar əlaqələri ilə tanınan şəbəkənin Əfqanıstanın şərqində sərt dağlarda aparılan əməliyyatları nəzarətə götürdüyü bildirilir.

Molla Yaqub, varis

Yaqub “Taliban”ın yaradıcısı Molla Ömərin oğludur.

O, səhra komandirləri şəbəkəsinə nəzarət edən iri hərbi komissiyanın başçısıdır. Müharibə zamanı üsyançılar strateji əməliyyatlarla bağlı tapşırıqları bu komissiyanın əhatə etdiyi komandirlərdən alırlar.

“Taliban”ın qurucusunun varisi olması Molla Yaqubu hərəkatda birləşdirici fiqura, bir növ simvola çevirir.

Bununla yanaşı, Yaqubun hərəkatdakı rolu barədə fərqli mülahizələr də yürüdülür. Bəzi analitiklər hesab edirlər ki, Molla Yaqubun 2020-ci ildə təyin olunduğu komissiya rəhbəri postu əslində formal xarakter daşıyır.

Mənbə: Euronews.com