Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev silah-sursat anbarında baş vermiş fövqəladə hadisədən sonra müdafiə naziri Nurlan Ermekbayevin istefasını qəbul edib.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. “Prezident Kasım-Jomart Tokayev müdafiə naziri Nurlan Ermekbayevin istefa barədə raportuna baxıb və istefanı qəbul edib”, - prezidentin mətbuat katibi Berik Uali Instagram səhifəsində belə yazıb.
Avqustun 26-da Cambıl vilayətindəki sılah-sursat anbarında meydana çıxan yanğının ardından azı on partlayış olub. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində xəsarət alan 100 nəfər xəstəxanaya yerləşdirilib, 15 nəfər həlak olub, bir nəfər itkin düşüb.
Qeyd edək ki, 2019-cu ilin yayında Qazaxıstan Prezidenti Müdafiə Nazirliyinin işindən narazılığını bildirmiş və Arıs şəhərində baş vermiş analoji hadisədən sonra nazir Ermekbayevə ciddi töhmət elan etmişdi.