“Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi dünyada miqrant böhranını dərinləşdirir. Ölkəni xeyli vətəndaş tərk edib. Bəzi mənbələr azı 1 milyon əfqanın vətəni tərk etməyə hazır olduğunu bildirir. Qaçanlar daha çox Türkiyəyə, Serbiyaya, Belarusa üz tutur. Çünki bu ölkələrdən Avropa İttifaqı dövlətlərinə keçmək mümkündür. Amma yaxın yerlərə üz tutanlar da az deyil.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Pakistan əfqan miqrantları qəbul etməyə başlayıb. Bunun bir az könülsüz xarakter daşıdığı hiss olunur. Rəsmi səviyyədəki reaksiyalar belə deməyə əsas verir. Əfqan miqrantlar müxtəlif yollarla Pakistana gəlir. İslamabad onları qovmaq fikrində deyil, daha çox problemin birdəfəlik həllinin tərəfdarıdır.
Pakistan “Taliban”ı dəstəkləməkdə ittiham olunur. Ölkənin təhlükəsizlik məsələləri üzrə müşaviri Moid Yusuf terror qruplaşmasının üzvləri ilə ümumi dil tapmağın mümkünlüyünə inanır. Pakistan, həqiqətən də, rəsmi səviyyədə “Taliban”la danışıqlar aparır. Yusuf düşünür ki, dünya ölkələri bu nümunədən istifadə etməlidir.
“Dünya onlarla danışmalıdır. İlk açıqlamaları, ritorika göstərir ki, 90-cı illərə qayıtmaq istəmirlər”.
İslamabaddakı “Əfqan barı” restoranında işləyən Məhəmməd Amin “Taliban”ın dəyişməyəcəyinə əmindir. Bir müddət əvvəl Pakistana gəlmiş miqrant qruplaşma üzvlərinin prinsiplərinə sadiq qalacağını fikirləşir.
“Taliban” üzvləri Kabilə daxil olanda insanlar çox qorxmuşdu, hamı aeroporta tələsirdi. Mən kənardan baxırdım. Böyük xaos yaranmışdı. İnsanlar təlaş içində idi. Onlar düşünürdü ki, başlarına hər şey gələ bilər. Hər kəs təyyarədə yer almağa çalışırdı. Hətta təyyarənin qanadlarına çıxanlar vardı”.
Məhəmməd Amin doğulduğu Məzari-Şərif ələ keçiriləndən sonra Kabilə gəlib. Bundan sonra torpaq yolla Pakistana keçib. Məhəmməd qonşu ölkədə nisbətən rahatlıq tapıb. Onun həmvətəni Sied Zikriyə isə göz yaşlarını saxlaya bilmir.
“Onlar bizi inandırmağa çalışır ki, düşmənçilik etməyəcəklər. Gündüz belə danışırlar, gecə gəlib öldürürlər. Məni atam Əşrəf Qəni ilə işləyib, buna görə bütün ailəmizi güllələdilər”.
Sied çox sarsılıb. Çünki beş bacı-qardaşı öldürülüb. Əfqan miqrant, üstəlik, vətənini də həmişəlik itirdiyini düşünür.
Moid Yusuf Qərbin məsuliyyətindən danışır. Onun sözlərinə görə, Pakistanda 4 milyon əfqan miqranta yer verilib. Yusuf Avropanın Əfqanıstandan qaçanlara qapılarını açmalı olduğunu bildirir.