Özbək əsilli məşhur Əfqanıstanlı sənətçi Sayed Kəbir Kamal da Talibanın hakimiyyəti zəbt etməsindən sonra ölkəsindən qaçmaq məcburiyyətində qalanlardandır. O, artıq ailəsi ilə birlikdə Qatarın Doha şəhərindəki bir düşərgədədir.
Axar.az xəbər verir ki, Bayraqdar.info ilə də yaxından əməkdaşlıq edən sənətçi bu dəfə öz doğma ölkəsi – Əfqanıstandan necə qurtulduğu haqqında danışıb.
Sorğumuza cavab olaraq Doha şəhərindən göndərdiyi özəl açıqlamada S.K.Kamal özünün və ailəsinin qurtuluşuna görə Azərbaycan əsgərlərinə də təşəkkür edib. O, qeyd edib ki, Kabil hava limanında Talibanın atəşi altında ailəsini və özünü əsgərlər tərəfə çatdırıb ingiliscə müraciət edəndə ona “No Enlgish” deyə müraciət edilib. Bu anda bəlli olub ki, qarşısındakılar Azərbaycan və Türkiyə əsgərləridir. S.K.Kamal da özünün türk olduğunu deyincə əsgərlər onu və asiləsini taliblərin atəşindən xilas ediblər.
S.K.Kamal deyir ki, özü xilas olsa da ölkəsindəki digər sənət adamları üçün çox narahatdır. Çünki Taliban onları öldürə bilər. Ona görə də türk dövlətlərinə müraciət edərək həmin sənətçilərin Əfqanıstandan çıxarılması üçün yardım istəyir.