Əfqanıstanda tələbə oğlanlar və tələbə qızlar müxtəlif siniflərdə təhsil alacaq. Bu barədə Tolo News telekanalı "Taliban" tərəfindən təyin olunmuş Ali Təhsil naziri Əbdül Baki Haqqaniyə istinadən xəbər verir.
Haqqani bildirib ki, qızların təhsil almaq hüququ var, ancaq oğlanlarla oxuya bilməzlər.
"Tələbələrə təhlükəsiz bir təhsil mühiti veriləcək",-deyə nazir qeyd edib. Haqqani universitetlərin tezliklə açılacağını və Ali Təhsil Nazirliyindəki müəllim və işçilərə maaş veriləcəyini də bildirib.
Əfqanıstan Ali Təhsil Nazirliyi Kabildə universitet professorlarını, akademikləri və keçmiş nazirlik rəsmilərini bir araya gətirən konfrans keçirib. “Asoşeyted Press” Agentliyinin verdiyi məlumata görə, keçmiş təhsil işçiləri və universitet müəllimləri "Taliban"ı yenisini yaratmaq əvəzinə mövcud təhsil sistemini qorumağa və modernləşdirməyə çağırıblar.