Türkiyə onsuz da Əfqanıstana girəcək, ancaq başqa qapıdan

Türkiyə onsuz da Əfqanıstana girəcək, ancaq başqa qapıdan backend

Türkiyə artıq öz hərbi kontingentini Əfqanıstandan, Kabil aeroportundan çıxarmağa başlayıb.  Eyni zamanda taliblər Kabildəki Həmid Karzay adına hava limanının fəaliyyətinin təşkilində köməklik üçün Türkiyəyə müraciət edib.

 

Bu xəbərləri eşidən Türkiyənin bədxahları yaş ovuclarını məmnunluqla  bir-birinə sürtür: “Taliblər Ərdoğanın Əfqanıstanda möhkəmlənmək planlarını necə məharətlə qarışdırdılar!  Vəssalam, daha Ankaranın Kabildə işi qalmadı.  Türkiyənin prezidenti hədəfi vura bilmədi, Bacarmadığı tikəni qoparmaq istəyirdi”. Ancaq çığır-bağır salanlara pis xəbərimiz var: Türkiyənin müharibənin davam etdiyi dövr üçün nəzərdə tutduğu plan başa çatdı. Ankaranın Əfqanıstanda sülhü nəzərdə tutan planının vədəsi yetişdi.  

 

Hər şey sadədir - şərait dəyişir, ancaq Kabillə Ankaranın bir-birinə münasibətdə qarşılıqlı maraqları dəyişmir. Əgər əvvəllər buna amerikanların Əfqanıstanda mövcudluğu ciddi mane olurdusa, indi həmin maraqların reallaşması üçün bütün şərtlər yaranır. İqtisadi zəminlərlə mübahisə etmək çətindir. Gec ya tez, onlar özlərinə yol açacaq - ona heç kəs mane ola bilməyəcək, lap üç Bayden də gəlsə.

 

 

Bədxahların yaş ovuclarını bir-birinə sürtməsi üçün hələ tezdir. Türkiyə hərbçilərinin Kabili tərk etməsi hələ heç nə demək deyil...

 

Həmid Karzay adına beynəlxalq hava limanı üzərində nəzarət yoxdur - qorxulu deyil. Belə ki, “Lazurit dəhlizi” - əfqanların Heratından başlayıb İstanbulda bitən ümidverici nəqliyyat dəhlizi layihəsi qalır. İstənilən malı Çindən Londona 12 gün ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi ilə çatdırmaq mümkündür.

 

Bu marşrutdan layihəçilər hələ təzə danışmağa başlayanda o, fantastik və yaxın gələcəkdə həyatakeçməz sayılırdı. Ancaq cəsur layihələr artıq reallığa çevrilir: amerikanların Əfqanıstanı tərk etməsi, Azərbaycanın Qarabağda qələbəsi ilə Lazurit və Zəngəzur dəhlizləri geosiyasətdə yeni səhifə açır, ayrı-ayrı ölkələrin də yox, bütöv bölgələrin inkişafına təkan verir.

 

Məhz buna görə taliblərin nümayəndəsi Süheyl Şahin “böyük və qardaş islam ölkəsi” adlandırdığı Türkiyədən “Taliban”ın əməkdaşlıq və yardım gözlədiyini deyir. Və məhz buna görə Ərdoğan “Taliban” liderləri ilə şəxsi görüşün mümkünlüyünü nəzərdən keçirə biləcəyinə eyham vurur.

 

Ankara taliblərlə münasibətləri eyni vaxtda bir neçə mövqedən qurur. “Taliban”ın siyasi qanadı ilə - Dohada sınaqdan keçmiş əvvəlki təmaslar vasitəsilə. Hərbçilərlə - Pakistan vasitəsilə. Və artıq taliblərin rəhbərləri ilə ortaq nöqtələr tapılır.  Məsələn, hərəkatın rəhbərlərindən olan Məhəmməd Naim Vardak bu günlərdə bildirib: “Türkiyə bizim üçün vacib ölkədir, türk xalqı - müsəlman və qardaş xalqdır. Bizim Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz var və ümid edirik ki, o, bizim xalqımıza və ölkəmizə kömək edəcək “.

 

Yeni Əfqanıstanın NATO üzvü olan yeganə müsəlman ölkəsi Türkiyə ilə sıx əlaqələri taliblərin nəzərində ciddi dəlildir. Çünki, indiki Taliban beynəlxalq legitimliyə önəm verir. Yəni, Ankara və Kabilin əməkdaşlığı üçün iqtisadi və siyasi zəminlər yaranıb. Müharibə qapıları bağlanıb - Türkiyə Əfqanıstana sülh qapılarından daxil olacaq.(Virtualaz.org)

Diaspora