Pəncşir vadisi: müqavimətin son yuvası “Taliban”a nə vaxta qədər davam gətirəcək...

Pəncşir vadisi: müqavimətin son yuvası “Taliban”a nə vaxta qədər davam gətirəcək... backend

Əfqanıstanın əksər əyalətlərində vəziyyət normallaşıb, bələdiyyə strukturları öz işlərinə başlayıb. Bu barədə “İzvestiya”ya Əfqanıstanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin vitse-prezidenti Məhəmməd Bəşər Başardost məlumat verib. Eyni zamanda ölkədə “Taliban”a qarşı müqavimət mərkəzlərindən biri qalır  - Pəncşir əyaləti. “Taliban” qiyamçıları darmadağın etmək üçün bölgəni mühasirəyə alıb və indi əyalətdə hadisələrin son çözümünə hazırlıq gedir. “İzvestiya”nın münasibət öyrəndiyi ekspertlərin sözlərinə görə, qruplaşma noyabrda başlayacaq soyuqlara qədər rəqiblərini məğlub etməsə, o zaman Pəncşir ən azı daha altı ay duruş gətirmək şansı qazanacaq.

 

“Elə yerlər var ki, oradan yan keçmək lazımdır”

 

“Əfqanıstan əyalətlərinin mütləq əksəriyyətində vəziyyət normal axara düşüb, yalnız Kabildə müəyyən həyəcan davam edir”,  - deyə Məhəmməd Bəşər Başardost “İzvestiya”ya bildirib.

 

“Bütün müəssisə və bələdiyyələr normal iş rejiminə qayıdıb. Qərb nümayəndələri və hərbçilər qaçdıqları, səfirliklərin hamısı bağlandığı üçün bəzi Kabil sakinləri çaxnaşma içərisindədirlər. Əfqanıstanlıların çoxu Rusiyaya köçmələrinə kömək istəyi ilə mənə müraciət edirlər, lakin biz hələ rəsmi olaraq belə tələblə Rusiya hökumətinə müraciət etməmişik. “Taliban”ın hakimiyyətə ilk gəlişi zamanı (1996-cı ildən 2001-ci ilə qədər) hər gün 200-300 adam ölürdü. İndi heç kim ölmür”, - deyə Əfqanıstan təşkilatının nümayəndəsi bildirib.

 

 

Bu gün Əfqanıstandakı 34 əyalətdən yalnız birində “Taliban” nəzarəti ələ keçirə bilməyib. Söhbət Kabildən 120 km şimalda yerləşən dağlıq Pəncşir əyalətindən gedir. Yerli müqavimət qüvvələrinə Əfqanıstanın mərhum milli qəhrəmanı Əhməd Şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir. O, münaqişənin danışıqlar yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirsə də, heç vaxt Pəncşir əyalətini heç kimə verməyəcəyinə söz verib.

 

Avqustun 22-də “Taliban” Pəncşir əleyhinə hücuma keçdi və əyalətin girişlərini bağladı. Eyni zamanda, taliblər də vəziyyətin sülh yolu ilə həll edilməsinin tərəfdarıdırlar. Düzdür, onlar Məsudla yox, hazırda Pəncşirdə olan keçmiş vitse-prezident və daxili işlər naziri Əmrullah Salehlə danışıqlar aparırlar.

 

Bu arada Saleh “Twitter”də yazıb: “Qonşu Əndarab vadisində pusquya düşdük və çətinliklə də olsa, sağ-salamat qurtulduq. Bir gün sonra “Taliban” qüvvələrini Pəncşirin girişində cəmləşdirdi.  Salanq keçidi müqavimət qüvvələri tərəfindən qorunur”. Siyasətçi tvitini taliblərə xəbərdarlıq etməklə bitirir: “Elə yerlər var ki, oradan yan keçmək lazımdır”.

 

 

Müasir Əfqanıstanı Araşdırma Mərkəzinin direktoru Ömər Nessarın dediyinə görə, Pəncşirin coğrafi mövqeyi elədir ki - dağlıq ərazi və dərələr - müqavimət qüvvələri bölgəni uzun müddət əlində saxlaya biləcək.

 

“Üstəlik, müxtəlif mənbələrə görə, “Taliban”ın siyasətiylə razılaşmayan hökumət qüvvələri də onlara qoşulub. Ancaq başa düşmək lazımdır ki, müharibə hər iki tərəf üçün son variantdır”, - deyə ekspert “İzvestiya”ya bildirib.

 

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Vladimir Sotnikov deyir ki, Əhməd Məsud ordunun onurğasını təşkil edənləri ətrafına toplaya bilsə, altı aya qədər dayana biləcək.

 

“Məsudun Kabili azad etmək üçün getməyə hazır olmadığı aydındır, Pəncşir vadisi onun üçün kifayətdir. O, əyalətini uzun müddət, altı-yeddi aya qədər müdafiə edə bilər. Ancaq qarşıdan qış gəlir. Aydındır ki, “Taliban” payızın sonuna qədər müqavimət qüvvələrini sıxışdırmağa çalışacaq. Bu uğursuz olarsa, o zaman onların Pəncşir əleyhinə əməliyyatı avtomatik olaraq gələn ilin yazına təxirə salınacaq, belə bir mövsümilik “Taliban” üçün xarakterikdir”, - deyə ekspert “İzvestiya”ya izah edib.

 

 

Əhməd Məsud artıq bölgəni silahla təmin etmək istəyi ilə Qərb ölkələrinə, xüsusən də Fransaya üz tutub. Əfqanıstan mətbuatı Pəncşir müqavimət qüvvələrinin silah çatdırmaq üçün Tacikistandan hava körpüsü təşkil edə bildiyini yazıb. Düşənbənin də daxil olduğu KTMT Tacikistan kanalı vasitəsi ilə Pəncşirə silah tədarükü ilə bağlı məlumatlarının olmadığını bildirib.

 

“İndi koalisiya qoşunları geri çəkildikdən sonra Qərb ölkələri - Fransa, Böyük Britaniya, ABŞ - Pəncşirdəki vəziyyətə praqmatik mülahizələrə əsaslanaraq baxacaqlar: Məsudun Əfqanıstanda hansı rollara iddia edə biləcəyi və müqavimət şansı nə qədər böyükdür... Ancaq Qərb Pəncşirə silah tədarük etmək qərarına gəlsə belə, bunu birbaşa etməyəcək - hər şey bölgədəki vasitəçilərin əliylə yoluna qoyulacaq. Onlar hələ ki mövqeləri ilə bağlı qərar verməyiblər”, - deyə Vladimir Sotnikov bildirib.

 

“Evakuasiya” əməliyyatı

 

Kabilin süqutundan sonrakı bir həftə ərzində xarici hökumətlər vətəndaşlarını və bəzi kateqoriyalı əfqanları sürətlə təxliyə etməyə davam etdilər. Rusiyanın Əfqanıstandakı səfirliyi bu həftə Rusiya universitetlərində təhsil alan əfqan tələbələrin siyahısını tərtib etməyə başladı. “İzvestiya”nın daha əvvəl yazdığı kimi, ümumilikdə 870 tələbə kollektiv olaraq Rusiya hökumətinə belə bir müraciət etmişdi. Bu günlərdə Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Rusiya vətəndaşlığı olan təxminən 400 əfqanın təxliyə edilməsini istədiklərini söylədi.

 

Rus səfirliyi təxliyə həyata keçirəcək uçuşun dəqiq tarixini açıqlamayıb, ancaq “İzvestiya”nın diplomatik dairələrdəki qaynağı bunun həftənin sonuna qədər reallaşacağını qeyd edib.

 

 

ABŞ prezidenti Co Bayden bazar günü keçirdiyi mətbuat konfransında avqustun 14-dən bəri ABŞ-ın Əfqanıstandan təxminən 28 min insanı - təkcə amerikalıları deyil, NATO-ya üzv digər ölkələrin vətəndaşlarını da çıxardığını söylədi. “Evakuasiya nə vaxt başlamağımızdan asılı olmayaraq, çətin və ağrılı olacaqdı”, - deyə o mülki əhalinin xaotik və düşünülməmiş şəkildə çıxarılması ittihamlarına belə reaksiya verdi.

 

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyindən “İzvestiya”ya verilən məlumata görə, avqustun 23-ü axşam saatlarına qədər bundesver reysləri ilə 3 min nəfər, dörddə üçü Əfqanıstan vətəndaşıdı, çıxarılıb.

 

NATO-nun məlumatına görə, keçən həftə vətəndaşların Əfqanıstandan xarici təyyarələrlə uçmaq cəhdləri ilə əlaqədar Kabil hava limanında yaranan izdiham nəticəsində təxminən 20 nəfər ölüb. Hava limanında vəziyyət son iki gündə bir qədər yaxşılaşıb. Orada çalışan İngilis hərbçilərinin bildirdiyinə görə, “Taliban” ABŞ və Böyük Britaniyaya təxliyə etmək üçün insanları ayrı cərgələrə düzməyə başladı. İngiltərə Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 13-dən bəri Əfqanıstandan çıxarılan 5725 nəfərdən 3000-dən çoxu  əfqandır. Təkcə avqustun 22-də Kral Hərbi Hava Qüvvələrinin səkkiz təyyarəsi Kabildən 1721 nəfəri çıxarıb. London gündəlik 2000 adamı təxliyə edə biləcəyini düşünür.

 

ABŞ da tempi artırmağa çalışır: bu günlərdə Pentaqon rəsmisi Con Kirbi Vaşinqtonun gündə 9 minə qədər insanın təxliyəsini təşkil etmək istədiyini söylədi. Eyni zamanda ABŞ nə qədər amerikalının Əfqanıstanı tərk etmək istədiklərini dəqiq açıqlamadı. Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan “bir neçə min”dən danışarkən, mütəxəssislər 10-15 min rəqəmini səsləndirdi.

 

 

Bildiyiniz kimi, ABŞ əcnəbilərin və bəzi kateqoriyalı əfqanların Əfqanıstandan çıxarılmasını avqustun 31-dək tamamlamağı planlaşdırırdı. Amma taliblərin hakimiyyətə gəlişindən və təşkilati xaosdan sonra ölkəni tərk etmək istəyənlərin sayının artması bu müddətin uzadılması məsələsini gündəmə gətirdi. Bir sıra İngilis KİV-lərinin yazdığına görə, belə bir istəklə baş nazir Boris Consonun G7 -nin bu gün keçirilən təcili sammitində  Co Baydenə müraciət etməsi tələb olunurdu. Taliblər isə öz növbəsində müəyyən olunmuş son tarixin pozulmasına dözməyəcəklərini və xarici hərbçilərin Əfqanıstanı vaxtında tərk etməli olduğunu bəyan ediblər.

 

Diaspora