Ukraynada hərbi paradda “Bayraqdar” nümayiş etdirilib - FOTO

Ukraynada hərbi paradda “Bayraqdar” nümayiş etdirilib - FOTO backend

Ukrayna müstəqilliyinin 30-cu ildönümünü qeyd edir.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu münasibətlə paytaxt Kiyevin Azadlıq meydanında hərbi parad keçirilib.

Yerli vaxtla saat 10:00-da başlayan tədbirdə Prezident Vladimir Zelenski çıxış edib.

Paradda Ukrayna müdafiə və təhlükəsizlik qüvvələrinin müxtəlif döyüş əməliyyatlarında iştirak etmiş 5000 nəfərədək şəxsi heyəti iştirak edib, Ukrayna silahlı qüvvələrinin inventarında olan müxtəlif hərbi texnikalar, aviasiya vasitələri, o cümlədən Türkiyə istehsalı “Bayraqdar TB-2” pilotsuz uçuş aparatı, eləcə də ilk dəfə olaraq sərhəd xidmətinin kinoloji xidmətinin itləri nümayiş etdirilib.

Hərbi paradda Ukraynanın tərəfdaş ölkələri - Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada, Estoniya, Latviya, Gürcüstan, Moldova, Slovakiya və Finlandiyadan olan hərbçilərin təntənəli keçidi də baş tutub.

Yerli vaxtla saat 14:00-da isə Donbass müharibəsi veteranlarının yürüşü planlaşdırılıb.

Qeyd edək ki, bu gün Ukraynanın Müstəqillik günü münasibətilə paytaxt Kiyevdə konsert proqramları, idman yarışları, marafonlar, sərgilər və s. kimi 70-dək müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.