Tanınmış azərbaycanlı biznesmen Telman İsmayılovun sahibi olduğu “Mardan Palace” otelini almaq istəyən xarici şirkətlərin sayı artır. Lent.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, otelin icraçı direktoru Çetin Pehlivan Antalyada yerləşən kompleksi nəğd pula almaq, ortaq işlətmək və ya icarəyə götürmək istəyən xeyli biznes qurumunun olduğunu deyib: “Biz bu tip təklifləri otel açılan gündən alırdıq. İstəyirik ki, Antalyaya dəyər qatacaq və dünyada tanınmış bir marka ilə müqavilə bağlayaq. Hazırda dünyada şəbəkələşmiş bir sıra şirkətlərdən təkliflər var”.
Qeyd edək ki, kompleks T.İsmayılova 1,4 milyard dollar başa gəlib. 2009-cu ildən bir sıra vergi borcu və əmlak mübahisəsi məsələlərinə görə otelin satılması məsələsi gündəmə gəlib.Ç.Pehlivan deyib ki, kompleksin hansı şirkətə satılması və ya əməkdaşlıq edilməsi barədə qərarı T.İsmayılov özü qəbul edəcək.