"SSRİ-nin cavabını verdik, talibləri də susduracağıq" - Əhməd Məsud

"SSRİ-nin cavabını verdik, talibləri də susduracağıq" -  Əhməd Məsud backend

Pəncşir müqavimət hərəkatının lideri “Taliban”ın ultimatumuna cavab verdi

 

Pəncşir dərəsindəki müqavimətçilərin lideri Əhməd Şah Məsudun oğlu kiçik Əhməd Məsud əyalətin taliblərə təslim olmayacağını söylədi. Moderator.az bildirir ki, bu, ona və Əfqanıstanda yeni hökumətlə razılaşmayanlara silahlarını yerə qoymağa dörd saat vaxt verən “Taliban”ın ultimatumuna cavab oldu.

 

“Əl-Ərəbiyyə” xəbər verir ki, “Taliban” liderləri Pəncşir əyalətindəki müqavimət bölmələrinə bölgəni yeni əfqan hökumətinə təhvil vermək üçün dörd saat vaxt vermişdilər. Ultimatum qəbul edilmədiyi təqdirdə “Taliban” dəstələrinin bu əyaləti ələ keçirmək üçün əməliyyata başlamağa tam hazır olduqları qeyd olunurdu.

 

Daha əvvəl şənbə günü bir mənbə Pəncşirdə yerli müqavimət lideri Əhməd Şah Məsudun oğlu kiçik Əhməd Məsudla (atası “Taliban” əleyhinə “Şimal İttifaqı”nın lideri idi) “Taliban” arasında danışıqların başladığını söylədi. TASS onun sözlərini sitat gətirərək söhbətin inklüziv hökumət yaratmaq və siyasi ziddiyyətləri aradan qaldırmaqdan getdiyini bildirdi.

 

Ancaq bazar günü Məsud Kabildəki yeni hökumətin ultimatumunu rədd etdi.

 

 

“Pəncşir taliblərə təslim olmayacaq. Əgər əyalət üzərində nəzarət qurmağa can atsalar, biz müqavimət göstərməyə hazırıq. Biz SSRİ-yə müqavimət göstərdik, onu taliblərə də göstərə biləcəyik", - deyə Məsud “Əl-Ərəbiyyə"yə müsahibəsində bildirib.

 

Əhməd Məsud əlavə edib ki, Əfqanıstanda sülh və təhlükəsizlik şərtləri yerinə yetiriləcəyi təqdirdə atasını öldürən talibləri bağışlamağa hazırdır. Məsud ekstremist qruplaşma dialoqdan imtina edəcəyi təqdirdə müharibənin "qaçılmaz" olacağını da xəbərdar edib.

 

Rusiya vasitəsilə dialoq

 

Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov avqustun 21-də bildirdi ki, “Taliban” Pəncir dərəsindəki müqavimət dəstələri ilə siyasi dialoq qurmaq üçün Moskvadan kömək istəyib.

 

"Bu gün bizim səfirlikdə “Taliban” siyasi bürosunun yüksək vəzifəli nümayəndəsi vardı və o, Rusiyanın Əfqanıstanda müxtəlif siyasi qüvvələr arasında böyük nüfuza malik olduğunu bildiyini və pəncşirdəkilərə siyasi siqnal çatdırmağımızı xahiş etdi”, - deyə Jirnov söylədi.

 

Rusiya səfiri silahlıların konkret olaraq nəyi təklif etdiklərini də açıqlayıb: "Onlar Rusiyadan Pəncşir liderlərinə bunları çatdırmağı xahiş etdilər: indiyə qədər “Taliban” əyalətə zorla daxil olmaq üçün heç bir cəhd etməyib, qruplaşma vəziyyəti həll etmək üçün sülh yolu tapmağa ümid edib, məsələn, siyasi razılaşma yolu ilə. “Taliban” qan tökülməsini istəmir və dialoqa girmək əhval-ruhiyyəsindədir... Taliblər özləri vəziyyəti sabiq birinci vitse-prezident Salehdən fərqli olaraq, daha mədəni şəkildə həll etmək istəyirlər”.

 

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı ilə telefon danışığından sonra yaxın gələcəkdə Əfqanıstan daxilində dialoqun qurulmasının vacibliyini vurğulayıb.

 

"Nazirlər nümayəndələrlə təmsil olunan hökumət qurmaq, ölkədə sabitliyi və asayişi təmin etmək üçün Əfqanıstan arasında əhatəli bir dialoqun qurulmasına kömək göstərilməsinin vacibliyini vurğuladılar", - deyə Rusiya XİN-dən bildirdilər.

 

Ram olunmayan Əfqanıstan

 

Xatırladaq ki, çərşənbə günü avqustun 18-də Pəncşirdə hakimiyyəti ələ keçirən “Taliban”a qarşı müqavimət bölmələrinin qurulduğu məlum oldu. Onların ümumi sayı bir neçə min nəfərə çatır. Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehə sadiq silahlı qüvvələr artıq “Taliban” qruplaşmasını Pərvan əyalətinin Çarikar rayonundan çıxarıblar və marşal Əbdül-Rəşid Dostum Pəncşir dərəsinə 10 minə yaxın əsgər göndərib. Bundan əlavə, Əhməd Məsud mərkəzi Pəncşir olacaq müqavimət hərəkatınını yaranmasının başladığını elan etdi.

 

Radikal “Taliban” hərəkatı avqustun 15-də Əfqanıstanın bütün ərazisi üzərində nəzarət qurduğunu elan etdi. Taliblər ölkənin paytaxtı Kabili də nəzarətdə saxlayır. “Taliban” artıq ölkəni idarə etmək üçün yeni bir sistem anonsunu verib. Silahlılar bunun "qərb tipli demokratiya" olmayacağını söyləsələr də, sistemin bütün vətəndaşların hüquqlarını qoruyacağına söz veriblər.

Diaspora