Soçi oyunları zamanı planlaşdırılan terror aktlarının qarşısı ABŞ, Gürcüstan və bir sıra Aİ ölkələrinin yardımı ilə alınıb. I Avropa oyunlarında təhlükəsizliyinin təmin edilməsində bir sıra ölkələrin, o cümlədən Rusiyanın xüsusi xidmət orqanları iştirak edib--
ABŞ, Gürcüstan və bir sıra Avropa Birliyi ölkələri Soçi Olimpiya oyunlarının keçirildiyi obyektlərə qarşı terror hücumlarının qarşısını almaqda Rusiya xüsusi xidmət orqanlarına kömək edib.APA-nın “İnterfax”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.
“2014-ci ildə Soçi Yay Olimpiya Oyunlarının hazırlanması və keçirilməsi zamanı Fransa, Almaniya, Avstriya, ABŞ və Gürcüstan, eləcə də bir sıra dünya ölkələri ilə birgə olimpiya obyektlərində törədilməsi planlaşdırılan terror hücumlarının qarşısını almağa nail olduq”, - deyə FTX direktoru bildirib.
Beynəlxalq qarşılıqlı fəaliyyət mexanizmləri barədə danışan A. Bortnikov qeyd edib ki, bir sıra ölkələrin, o cümlədən Rusiyanın xüsusi xidmət nümayəndələri Azərbaycanda keçirilən ilk Avropa oyunlarının təhlükəsizliyinin təmin edilməsində iştirak edib: “Bu yaxınlarda Bakıda keçirilən ilk Avropa oyunlarının təhlükəsizliyinin təmin edilməsində bir sıra ölkələrin xüsusi xidmət orqanlarının, o cümlədən Rusiyanın xüsusi xidmət strukturlarının nümayəndələri iştirak ediblər”.