“Əmin olun, Putin rəqiblərindən pul qoparır” - “Fox News”un aparıcısı

“Əmin olun, Putin rəqiblərindən pul qoparır” - “Fox News”un aparıcısı backend

ABŞ-ın “Fox News” kanalının məşhur aparıcısı Daniel Hoffman prezident Cozef Baydeni Rusiya kəşfiyyatının təşkil etdiyi kiberhücumlara sərt reaksiya verməyə, bu hücumların qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırıb.

Novator.az-ın məlumatına görə, Daniel Hoffman bildirib ki, Rusiyanın  himayə etdiyi cinayətkar qrup ABŞ-da biznes zəncirini qırmağa çalışır: “Kiberhücumlar Rusiya prezidenti Vladimir Putinin maraqlarına xidmət edir. Bu cinayət əməlləri ABŞ iqtisadiyyatına böyük ziyan vura bilər.

Kiberhücumlar ABŞ-ın informasiya texnologiyaları şirkətlərinin nüfuzuna və ölkədə maliyyə sabitliyinə mənfi təsir göstərir. ABŞ-ın kommersiya uğurları kiberməkandan asılıdır, sözügedən hücumlar isə ona inamı sarsıda bilər”.

Jurnalist televiziya çıxışı zamanı prezident Baydenə səslənərək deyib: “Əmin olun, SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi kimi bir yerdə təcrübə keçmiş və sonralar Rusiyanın Federal Təhlükəsizlik Xidməti kimi eyni dərəcədə amansız bir təşkilatın direktoru olmuş Vladimir Putin öz rəqiblərindən pul qoparır.

Putin rəqibləri ilə diplomatik dildə danışmır. Ona görə də bizim buna sərt reaksiya verməyimiz lazımdır”.

Jurnalist daha sonra vurğulayıb: “Bayden Putinə ciddi xəbərdarlıq etməlidir. Bayden ona deməlidir ki, əgər problemin həlli istiqamətində ciddi tədbirlər görməsə, onda bu işi ABŞ özü Rusiya ərazisində etməli olacaq. Biz terrorçularla mübarizə apara bilməyən və ya bunu etmək istəməyən ölkələrlə həmişə belə davranırıq. İndi problem həllini tapmırsa, onda biz bu vəzifəni öz üzərimizə götürməli və həmin terrorçularla mübarizə aparmalıyıq”.

Daniel Hoffman çıxışının sonunda deyib: “Biz haker qruplaşmalarına ziyan vurmaq gücündə olduğumuzu Rusiyaya göstərməsək, demək, siyasətdə yerimiz yoxdur. Biz onlara sərt cavab vermək gücündə və niyyətində olduğumuzu nümayiş etdirməliyik”.

Neçə aydır ABŞ-ın bir sıra mühüm dövlət və biznes strukturlarının məlumat bazalarına haker hücumları edilir. ABŞ bu hücumların əksərini Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə işləyən haker qruplaşmalarının həyata keçirdiyini bildirir. Rusiya tərəfi ittihamları rədd edir.