Türkiyə rəsmiləri: Terrorla mübarizə qətiyyətlə davam etdiriləcək

Türkiyə rəsmiləri: Terrorla mübarizə qətiyyətlə davam etdiriləcək backend

Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) fasiləsiz hücumları Türkiyə hökumətini antiterror əməliyyatlarını genişləndirməyə məcbur edib.

Ölkədəki vəziyyət Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbədənkənar iclasında müzakirə olunub. PKK-nın siyasi qolu hesab olunan Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən deputatların əsassız çıxışlarına hökumət nümayəndələri, o cümlədən Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən sərt reaksiya verilib. Parlamentdəki çıxışların əksəriyyətində qeyd olunub ki, ölkədə sabitliyin qorunmasının yeganə yolu PKK ilə mübarizənin sərtləşdirilməsi, terrorçu qüvvələrin tam şəkildə zərərsizləşdirilməsidir.

Yerli mətbuatın məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun PKK-nin terrorçu fəaliyyətinə kəskin etiraz edib. “Hürriyyət” qəzeti yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Çin Xalq Respublikasına səfəri zamanı bu ölkənin rəhbərliyi Türkiyənin PKK və İŞİD-ə qarşı mübarizəsini dəstəklədiyini bildirib. ABŞ və bəzi Avropa dövlətləri də Türkiyənin antiterror əməliyyatlarına dəstək veriblər.

PKK isə hücumlarını davam etdirir. İyulun 29-da Diyarbəkirdə daha bir polis şəhid olub, iki mülki şəxs yaralanıb. Şırnak, Elzağ və Hakkari bölgələrində polis maşınlarına və əsgərlərə hücumlar olub. Hakkaridə ədliyyə və milli təhlükəsizlik orqanlarının yerli təşkilatlarının binalarına bomba atılıb.

Türkiyənin dövlət rəsmiləri İŞİD, PKK və DHKP-C terrorçu təşkilatlarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildiriblər. Terrorçular tərəfindən qaçırılmış dövlət məmurlarının axtarışı davam edir. Ağrı valiliyinin məlumatına görə, bölgədə aparılmış əməliyyat nəticəsində iki terrorçu öldürülüb, ikisi isə yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin qırıcıları raket zərbələri ilə terrorçu qüvvələrın yerləşdikləri onlarla məntəqəni məhv edib. PKK hədəflərinin üzərində şəhid məmurların adı yazılmış raketlərlə vurulması terrorçuları daha da təşvişə salıb. Ən son məlumata görə, son günlər həyata keçirilmiş hava zərbələri nəticəsində 190 terrorçu öldürülüb, 300 nəfər yaralanıb. HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın qardaşı terrorçu Nurettin Demirtaşın da yaralılar arasında olduğu bildirilir.
Diaspora