Danimarkanın yeni hökuməti qaçqınları miqrasiya etməkdən daşındırmaq qərarına gəlib

Danimarkanın yeni hökuməti qaçqınları  miqrasiya etməkdən daşındırmaq qərarına gəlib backend

Danimarkanın yeni hökuməti xarici mətbuatda qaçqınları bu ölkəyə miqrasiya etməkdən çəkindirmək məqsədi daşıyan kampaniya keçirmək niyyətindədir.

Bu barədə Danimarka televiziyasına müsahibəsində inteqrasiya və immiqrasiya məsələləri üzrə nazir İnger Steyberq məlumat verib. Nazir vurğulayıb ki, seçim imkanlarının geniş olmasına baxmayaraq, qaçqınlar əsasən Danimarka, Norveç, İsveç və Almaniyaya gedirlər. Bunun üçün bir çox ölkələrdə insanların göndərilməsi üzrə qanunsuz sistem yaradılıb.

Məsələn, bu yaxınlarda Danimarka mətbuatında belə bir məlumat yayılıb ki, Avropada qeyri-leqal miqrasiyanın təşkilatçıları potensial qaçqınlar arasında qalıb yaşaya biləcəkləri yeri seçməkdə onlara kömək edən sənəd yayıblar. Sənəddə müxtəlif Avropa ölkələrində yaşamağa icazə almaq üçün gözləmə müddəti, maddi yardımın məbləği və digər sosial güzəştlər müqayisə olunur. Danimarka mətbuatının yazdığına görə, Danimarka hökuməti tərəfindən planlaşdırılan kampaniya bu məlumata cavab olacaq.

Hökumətin planlarına görə, miqrant axınına qarşı mübarizə aparmaq üçün xarici mətbuatda Danimarkada məskunlaşmağa hazırlaşan qaçqınları dayandırmağa çağıran mətnlər yerləşdirmək planlaşdırılır. İnger Steyberq deyib: “Həmin mətnlərdə güzəştlərin gözlənilən az qala yarıbayarı azaldılması, habelə digər məhdudiyyətlər barədə konkret faktlar olacaq”. Nazir ümid bəsləyir ki, bu mətnlər sosial şəbəkələrdə yayılacaq, istər qaçaqmalçılar, istərsə də potensial qaçqınlar üçün əlçatan olacaq.

Bununla belə, Şimali Avropa ölkələrində sosial təminatın səviyyəsi qitədə ən yüksəkdir. Qaçqınları da elə bu cəlb edir. Vəziyyət sadə vətəndaşları getdikcə daha çox narahat edir.

Bu ilin iyununda Danimarkada növbəti parlament seçkiləri keçirilib. Sağ-mərkəzçi Liberal Partiya (Venstre) hakimiyyətə gələrək yeni hökumət qurub. Həmin partiyanın nümayəndələri seçkiqabağı proseslərdə ölkədə immiqrasiya siyasətini sərtləşdirmək niyyətlərini də elan ediblər.

Qeyd edək ki, Danimarkada sığınacaq istəyən şəxslərin sayı 2014-cü ildə təqribən iki dəfə artaraq 2013-cü ildəki 7557 nəfər müqabilində 14815 miqrant təşkil edib. Danimarka İmmiqrasiya Xidmətinin yeni hesablamalarına görə, bu il ölkədə miqrant və qaçqınların sayına görə yeni rekord müəyyən edilə bilər.
Diaspora