Türkiyə Hərbi Hava Qüvvələri ölkə ərazisində və İraqda PKK-nın mövqelərinə güclü zərbələr endirib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Türk Silahlı Qüvvələri əməliyyatlardan görüntüləri də yayımlayıblar.
Bildirilir ki, əsas hədəf terror təşkilatının silah anbarları olub. "F-16"lar Türkiyə ilə İraq sərhədində yerləşən Dohuk əyalətini 8 dəfə bombalayıb. Türkiyə ərazisində də PKK-nın bir neçə obyekti məhv edilib. Bu arada Ankara ölkənin cənub-şərq sərhədlərini möhkəmlədir.Xatırladaq ki, Türkiyə aviasiyası PKK-nın mövqelərinə ötən həftədən raket zərbələri endirməyə başlayıb. Buna səbəb terror təşkilatının silahlılarının hərbçilərə təşkil etdiyi hücumlardır. Bununla yanaşı, Suriya ərazisində İŞİD mövqeləri də bombardman edilib. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd separatçıları ilə danışıqların dayandırıldığını bəyan edib. O, parlamenti PKK-ya dəstək olan deputatların və siyasilərin taleyinə aydınlıq gətirməyə səsləyib.