İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif fransalı həmkarı Loran Fabiusun 17 ildən sonra Tehrana səfərini alqışlayıb. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir. İyulun 29-u Tehranda keçirilən birgə mətbuat konfransı zamanı M.C.Zərif bildirib ki, Paris və Tehran ikitərəfli əlaqələrin müxtəlif aspektlərini, xüsusilə enerji və nəqliyyat sahəsində əlaqələri müzakirə edib.
M.C.Zərif bildirib ki, Fransa atom sənayesi sahəsində İranla əməkdaşlığa razılıq verib. O, həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı Fransanın nümayəndə heyətinin yayın sonunda İrana səfəri gözlənilir.Nazir İran və Fransanın siyasi və nüvə danışıqlarını davam etdirməklə bağlı razılığa gəldiyini deyib.
Öz növbəsində Fransanın Xarici İşlər naziri Tehranda İran rəsmiləri, habelə prezident Həsən Ruhani, Energetika naziri Həmid Çitçən, vitse-prezident və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məsum Əbtekar və başqaları ilə görüşdüyünü bildirib.
L.Fabius qeyd edib ki, Fransa İranla maşınqayırma, aviasiya, energetika, səhiyyə sahələrində əlaqələrin bərpa edilməsinə çalışır: “Sosial, mədəni, turizm və digər sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş meydan var. İran və Fransa arasında əlaqələrin bərpa edilməsi regional və qlobal problemləri də həll etməlidir. Ekstremizm və terrorizmlə mübarizədə ümumi maraqlarımız var”.
Fransanın Xarici İşlər naziri İranla “altılıq” arasında əldə olunan nüvə sazişini regionda və dünyada təhlükəsizlik və sabitliyə doğru atılmış addım adlandırıb.
O, həmçinin nüvə danışıqlarında Fransanın mövqeyini konstruktiv adlandırıb və qeyd edib ki, Paris nüvə silahının yayılmasına qarşıdır.