Osmanlı sultanı Sultan Əbdülməcidin həyatından və hakimiyyət dönəmindən bəhs edən kitab çap olunub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin dəstəyi ilə işıq üzü görən kitab "Sultan Əbdülməcid və 1823-1861-cı illər" adlanır. Kitabsevərlərə yaxşı töhfə olan bu əsər sultanın həyatını əhatə edən mövzularla yanaşı, onun hakimiyyəti dövründə təqdim olunan hüquq, maliyyə, siyasət, sənət, mədəniyyət və ədəbiyyat kimi sahələrə aid olan tarixi yazılarla da zəngindir. Kitabdakı tarixi faktlar Osmanlı dövrünə aid olan arxiv materiallar əsasında hazırlanaraq sistemə salınıb. Əsərdə sultanın Məkkə və Mədinə şəhərlərinə böyük qayğı ilə yanaşması, çoxlu məscidlər tikdirməsi, diplomatiya sahəsində uğurları, Fransız diplomatlarla öz dillərində danışması, piano ifaçısı kimi tanınması və digər məsələlərdən bəhs olunur. Həmçinin kitabda Krım müharibəsi, Ankara, Ədirnə, Bolqarıstanda baş verən tarixi olaylarla bağlı məlumatlar da yer alıb.