İyulun 27-də Cenevrədə Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması haqqında protokol imzalanıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sənəd Qazaxıstan prezidenti Nursultan Nazarbayev və ÜTT prezidenti Robertu Azevedu tərəfindən imzalanıb.
Nazarbayevin sözlərinə görə, Qazaxıstan iqtisadiyyatı ÜTT-yə üzvlüyə dair danışıqların davam etdiyi 20 il ərzində böyük struktur dəyişikliklərə məruz qalıb.
Danışıqlar dövründə Qazaxıstan iqtisadiyyatının konfiqurasiyasının xeyli dəyişildiyini bildirən Nazarbayev ölkə iqtisadiyyatının daha güclü və açıq olduğunu qeyd edib: “ÜDM-in adambaşına düşən həcmi 18 dəfə artaraq Mərkəzi və Şərqi Avropa səviyyəsinə çatıb, xarici ticarətin həcmi isə 120 mlrd dollara çatıb”.
Onun sözlərinə görə, Qazaxıstan iqtisadiyyatının strukturunda da ciddi dəyişikliklər baş verib: “Belə ki, ölkə ÜDM-in 54 faizini inkişafına böyük diqqətin ayrıldığı xidmət sektoru təmin edir. Qazaxıstan təbii sərvətlərlə zəngindir. Lakin biz hesab edirik ki, ölkənin xammal ehtiyatlardan asılılığını, iqtisadiyyatın strukturunu dəyişməliyik”.