İsveç KİV-lərinin yaydığı məlumata görə, bu il sentyabrın 19-da paytaxt Stokholmun mərkəzində daxili yanma mühərriki ilə işləyən avtomobillərdən istifadəyə qadağa qoyulacaq. Aksiyanın əsas məqsədi yerli hökumət orqanlarının əhalini alternativ nəqliyyat növlərinə keçmək barədə düşündürmək istəyidir.
Stokholmun hakimiyyət orqanlarının bu yeni təşəbbüsü Avropa Komissiyasının Avropa İttifaqında (Aİ) sabit nəqliyyat sisteminin inkişafına yönələn layihəsi – Avropa mobillik həftəsi çərçivəsində keçiriləcək.
Xatırladaq ki, Aİ-nin müxtəlif ekoloji təşəbbüslərini bu il Avropa qitəsinin 200-dən çox şəhəri dəstəkləyəcək. Lakin bir gün ərzində avtomobillərdən imtina etməyə cəmi üç paytaxt - Stokholm, Budapeşt və Lissabon razı olub.
Hakimiyyət orqanlarının planlarına görə, sentyabrın 19-da şəhərin qədim hissəsinin küçələri, metronun mərkəzi stansiyalarına giriş yolları, habelə paytaxtın mərkəzini qonşu rayonlar ilə birləşdirən bəzi körpülər avtomobillərin hərəkəti üçün bağlı olacaq.
Hazırda Stokholmda şəhər avtobuslarının və qatarlarının böyük hissəsi bərpa olunan enerji mənbələri ilə işləyir.