Cənubi Afrika Respublikasında “Lomnin” şirkətinə məxsus platin mədənlərində 6000 iş yerinin ləğvi xəbəri işsizliyi aradan qaldırmaqda çətinlik çəkən ölkənin iqtisadiyyatına daha bir ağır zərbə vurub.
Bu ölkənin mədən sənayesi üzrə ən böyük həmkarlar ittifaqı olan “NUM” bu xəbərə dərhal reaksiya verərək, mədən sanəyesində işləməyin “qan gölü”ndə işləməklə eyni olduğunu bildirib. “Lomnin” şirkəti ilə bağlı məsələdə “qan gölü”nə işarə edilməsi heç də təsadüfi deyil. Belə ki, 2012-ci ilin avqust ayında şirkətin Marikana mədənində baş verən tətil çoxsaylı insan tələfatına səbəb olmuşdu. Polislə toqquşmalarda tətil edən 34 mədənçi öldürülmüşdü. Bu, Cənubi Afrika Respublikasında aparteid rejiminin süqutundan sonra ən böyük insan tələfatı idi.