"İranın nüvə proqramı üzrə əldə olunmuş razılaşmanın alternativi yoxdur".
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda keçirilən beynəlxalq münasibətlər üzrə Şuradakı çıxışında deyib.
O bildirib ki, bu razılaşma olmadan heç bir şans əldə etmək mümkün olmazdı.
"Biz İsrail də daxil olmaqla, regionun təhlükəsizliyinə nail olmağa çalışırıq və buna alternativ yoxdur", - deyə C. Kerri vurğulayıb.
Razılaşmanın vacibliyindən danışan dövlət katibi vurğulayıb ki, İran artıq 10-20 bomba hazırlamaq üçün kifayət qədər nüvə materialına malikdir.
Dövlət katibi əlavə edib ki, razılaşma etibara yox, təftişə əsaslanır.
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin İranın mərhələli şəkildə beynəlxalq sanksiyaların altından çıxarılması barədə qətnaməsini tənqid edib, atom razılaşması şərtlərinin sərtləşdirilməsi üçün ABŞ-ın iqtisadi təzyiqinin saxlanılacağına ümidvar olduğunu bildirib.