Qərb Ukraynanı yenə tək qoydu: Zelenski-Putin görüşündən gözləntilər...

Qərb Ukraynanı yenə tək qoydu: Zelenski-Putin görüşündən gözləntilər... backend

Rusiya-Ukrayna gərginliyinə liderlərin görüşündən sonra son qoyula bilər, ABŞ müharibə tərəfdarı olmadı; ekspert: “Ukrayna siyasəti Rusiyaya sanksiyaları hər dəfə artırmaq üçün bir dəyənəkdir”

Rusiya-Ukrayna gərginliyinə liderlərin görüşündən sonra son qoyula bilər. “Yeni Müsavat” xəbər verir ki, Donbas və Luqanskda müharibə  ovqatı hiss olunsa da, müəyyən geriçəkilmələr müşahidə edilməkdədir. Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyə səfəri, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü, ikincinin danışıqlar yolu ilə məsələnin həllinin tərəfdarı olduğunu söyləməsi göstərdi ki, müharibə ehtimalı azdır.

Əvvəlcədən ekspertlər də bu qənaətdə idilər ki, Ukrayna döyüşə hazır deyil, Rusiya müharibələrdən yorulub və regionda savaşın alovlanması tərəflərə sərf etmir. Əslində rəsmi Kiyev Donbas və Luqanskda separatizmə son qoymaq üçün əməliyyatlara başlaya bilərdi, Azərbaycanın apardığı 44 günlük müharibə də dost ölkəni həvəsləndirmişdi, lakin bir şərtlə - ABŞ və NATO ciddi şəkildə dəstək verməli, 2014-cü ildən fərqli olaraq, onu yarıyolda qoymamalıdır.

Lakin Avropanın və ABŞ-ın mövqeyindən aydın oldu ki, müharibəni dəstəkləmirlər və gərginliyin azalmasının tərəfdarıdırlar. Ukraynanın isə Rusiya ilə təkbaşına döyüşmək gücü yoxdur və onu nə gözlədiyini yaxşı bilir. İndi isə Rusiya prezidenti Vladimir Putinlə ukraynalı adaşı arasında görüş olacağı xəbəri ehtimalları gücləndirir ki, Qərb geri çəkildi, tərəflər aranı sakitləşdirməyə üstünlük verirlər.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak söyləyib ki, prezidentlərin arasında danışıqların tarixi və yeri hələ məlum deyil, lakin mənalı görüş olacaq. “Prezidentdən bir təlimat aldım, buna görə indi üzərində işləyirəm. Bu danışıqların nə tarixi, nə də yeri məlumdur, amma çox mənalı olacağına qəti əminəm, çünki danışılacaq çox şey var. Dekabr ayında “Normand formatı”nda sammit zamanı əldə edilmiş razılaşmaların nəticələrini müzakirə etmək lazımdır. Çox sayda məsələnin müzakirə edilməsinə ehtiyac var". Buna etirazını bildirən Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib ki, Ukrayna “Normandiya formatı”nı genişləndirməyə çalışsa, Avropa Birliyinin etibarını itirə bilər: “Genişlənməyə can atmaq Almaniya, Fransa və bütövlükdə AB-nin etibarının itirilməsi ilə sona çatacaq. ABŞ, Böyük Britaniya, Polşa, Kanada bizim üçün həqiqətən dost dövlətlərdir. Lakin tərəfdaşlarla razılaşdırılmamış təşəbbüslər Donbasla bağlı yeganə danışıq formatını tamamilə məhv edə bilər”.

Ramiyə Məmmədova: “Türkiyə Yaxın Şərqdə ən böyük gücə çevrilə bilər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın Ukrayna siyasəti Rusiyaya sanksiyaları hər dəfə artırmaq üçün bir dəyənəkdir. Onun fikrincə, Qərb dünyası müharibə aparmaq istəmir, fəqət Ukrayna məsələsini “Domokl qılıncı” kimi Rusiyanın başından asıb:

“Eyni variantı Navalnı işində görürük. Bu hadisələr Rusiyaya sanksiyaları gücləndirmək üçün əsas verir. Başından bəlli idi ki, müharibə olmayacaq. Rusiya hərbi texnikasını Ukrayna sərhədlərinə cəmləməklə də Amerikaya gücünü nümayiş etdirmişdi. İndi prezidentlərin görüşə hazırlaşması müəyyən yumşalmadan xəbər verir. Qərb postsovet məkanına girməyə ehtiyat edir və bununla barışır”.

Ekspertin sözlərinə görə, Ukrayna böhranı Putin hakimiyyəti dönəmində həll edilməyəcək: “Bu məsələ Qarabağ problemi kimi vaxt apara bilər. Qərb Putinlə korrekt davranır, Ukraynanın hazırkı lideri qətiyyətli siyasətçi deyil, ölkə daxilində ab-hava da döyüşməyə köklənməyib, ona görə ”Normand formatı" və başqa platformalarda danışıqlar davam edəcək, konflikt həllini bir müddət tapmayacaq. Zelenski-Putin görüşünə gəlincə, ciddi nəticə əldə edilməyəcək, sadəcə, gərginlik azala bilər".

Rusiyalı müxalif bloger Mark Feyqin isə deyib ki, Kremlin başlıca hədəfi Ukraynanın mənimsənilməsidir. Onun fikrincə, Putinin və Moskva elitası adlandırılanların planı Ukraynanı Rusiyaya birləşdirməkdir:

"Solovyov və Kisilyov elə şeyləri deyir ki, həmin məsələləri Putin və ətrafı birbaşa söyləyə bilmir. Putinin Sovet İttifaqının bənzərini yaratmaq kimi planı ola bilər, lakin buna Kremlin ciddi zəifliyi əngəl olur. Pul onun üçün ən öndədir. Dünyanı, heç olmasa, Ukraynanı ələ keçirmək planları onun üçün ilk və vacib olana - yəni şəxsi mənfəətinə zərər verə bilər. Əgər şəxsi hakimiyyətin və zənginliyin xilası üçün Ukraynanın işğalından imtina etmək lazımdırsa, onlar bunu edəcəklər".  Yeni Müsavat

Diaspora