Yeni plan: Rusiyanın iqtisadi təsirləri iflic edilir

Yeni plan: Rusiyanın iqtisadi təsirləri iflic edilir backend

ABŞ-ın təşəbbüsü və moderatorluğu ilə yeni Qərb koalisiyası formalaşır. Avroatlantika cəbhəsinin yeni geosiyasi bloku olan bu koalisiyanın fəaliyyətinin strateji hədəfi Avrasiyanın geoiqtisadi xəritəsini yenidən dizayn etməkdir. Təbii ki, bu strateji planın ən mühüm seqmentlərindən birini Avrasiyada uzunmüddətli perspektiv üçün hegemonluq strategiyası tətbiq edən Rusiyanın beynəlxalq arenada təsir imkanlarını azaltmaq, Moskvanı geosiyasi autsayderə çevirməkdir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Nurlan Qələndərli deyib.

Politoloq qeyd edib ki, bu, Avroatlantiklərin Birinci Körfəz müharibəsindən sonrakı ən mütəşəkkil koalisiyasıdır:

"Uzun müddət ABŞ və Rusiya arasındakı mübarizə pərakəndə, təkbətək xarakter daşıyıb. Amma bu gün Birləşmiş Ştatlar Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqının siyasi və iqtisadi lokomotivləri olan Fransanı, İtaliyanı, Almaniyanı da bu yeni koalisiyaya tam cəlb edə bilib. Bu koalision hərəkat hərbi-strateji deyil, iqtisadi-siyasi xarakter daşıyır və Avrasiyada Rusiyanın nüfuz zonalarına daha aktiv müdaxilə planının icrasına start verilmək üzrədir.

Siyasi və iqtisadi dividend itkisinə yol vermək istəməyən Rusiya isə yeni mübarizə şəraitində hücum xarakterli müdafiə planı həyata keçirəcək. Bu, əsas etibarilə, iki xətt üzrə baş tutacaq.

Birincisi, Moskva müəyyən bölgələrdə hərbi-siyasi hərəkətlənmələr edərək güc nümayişi ilə rəqiblərinə mesajlar göndərəcək.

İkincisi, antiqərb mövqeyi ilə seçilən, beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişdə olan Çinlə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi məsələsi aktuallaşacaq. Bu, əsas etibarilə ticarət, energetika sahələrini əhatə edəcək və yeni geoiqtisadi platformanın yaradılması üzərində iş aparılacaq.

Yeni Qərb koalisiyası ilə Rusiya-Çin geoiqtisadi tandemi arasında strateji rəqabətin sərtləşməsi beynəlxalq miqyasda ciddi maliyyə kataklizmlərinin baş verməsinə və iqtisadi böhranın yaranmasına səbəb ola bilər. Bütövlükdə isə daha çox geosiyasi güzəştlərə məcbur edən tərəf İkinci soyuq müharibədən qalib çıxacaq".