ABŞ-ın başına 7 milyon dollar qoyduğu "al-Qaida" liderlərindən biri Muhsin al-Fadli öldürülüb. APA Tv-nin xəbərinə görə, "Al-Qaida"nın ən təhlükəli qollarından olan Xorasan qrupunun lideri al-Fadlinin ABŞ-ın Suriyada həyata keçirdiyi hava hücumu nəticəsində öldürüldüyü bildirilir.
Xəbəri Pentaqon sözçüsü Jeff Davis yazılı açıqlama ilə ictimaiyyətə çatdırıb. Davis Xorasan qrupunun liderinin iyulun 8-də Suriyanın Sarmada şəhəri yaxınlarında avtomobillə hərəkətdə olarkən ABŞ təyyarələri tərəfindən vurulduğunu açıqlayıb. Açıqlamada al-Fadlinin 11 sentyabr hadisələrindən xəbərdar olan az sayda "al-Qaida" liderlərindən biri olduğu qeyd olunub.ABŞ "al-Qaida"nın İraq təşkilatının liderliyinə yüksələn, maliyyə və terrorçu cəlb olunmasına cavabdeh olan al-Fadlinin başına 2002-ci ildə 7 milyon dollar mükafat qoyub. Onun ABŞ və digər Qərb ölkələrində terror aktları törətməyi planlaşdırdığı bildirilirdi.