ABŞ Müdafiə naziri III Lloyd C.Ostin bir daha Türkiyəni Rusiyanın “S-400” Triumf” tipli zenit-raket sistemlərindən imtina emtəyə çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Pentaqon rəhbəri Türkiyəli həmkarı Hulusi Akarla söhbətində hələ Donald Tramp dövründən bu yana ABŞ rəhbərliyinin əsas istək və tələbini ona çatdırıb.
Bununla birlikdə nazir Ostin Türkiyənin NATO-nun Əfqanıstanda rol aldığı “Resolute Support” adlı missiyasındakı aktiv roluna görə Hulusi Akara təşəkkür edib.
Bundan başqa, tərərflər Şərqi Aralıq dənizində gərginliyin azaldılması üzrə səyləri və müsbət diplomatik hadisələri müzakirə ediblər. ABŞ bu məsələdə Türkiyə və Yunanıstan arasında davam edən danışıqları alqışladığını bildirib.
İki keçmiş general və hazırkı nazirlər Qara dənizdə ABŞ-ın və Türkiyənin Hərbi-hava qüvvələrinin iştirak etdiyi “Monterey” və “Tomas Hadner” isimli təlimlərinin səviyyəsindən razılıqlarını ifadə ediblər. Burada diqqət çəkən məqam Rusiya ilə bağlı olub.
Hər iki nazir “Rusiyanın yaratdığı problemlər” də daxil olmaqla NATO-nun şərq və cənub cinahlarında yaranan qeyri-sabitliyi masa üzərinə yatırıblar.