"Accenture” şirkətinin tədqiqatına görə, əksər istifadəçilər ad və parollardan istifadədən yorulub və alternativ autentifikasiya üsullarında maraqlıdır.
Ekspertlər hesab edir ki, hazırda biometrik autentifikasiya texnologiyalarına potensial tələbat duyulur.İstifadəçilər ənənəvi parolları və PİN-kodları digər autentifikasiya metodları ilə əvəzləmək istəyir. Respondentlərin 60 faizi istifadəçi adlarını və parolları narahat hesab edir, 77 faizi internetdə informasiya mühafizəsinin alternativ üsullarından istifadədə maraqlıdır.
Tədqiqatdan məlum olub ki, istifadəçilərin alternativ autentifikasiya üsullarına hazırlığı ölkələrdən asılıdır. Belə ki, Çin istifadəçilərinin 92 faizi və Hindistan istifadəçilərinin 84 faizi standart parollar əvəzinə digər autentifikasiya üsullarını sınaqdan keçirməyə hazırdır. Braziliya, Meksika və İsveçdə belə istifadəçilərin sayı 78 faiz, ABŞ-da 74 faiz təşkil edir.
Dünya istehlakçılarının 46 faizi öz fərdi məlumatlarının təhlükəsizliyinə əmindir. Bununla yanaşı, bu məsələdə inkişaf etməkdə olan ölkələrin sakinlərinin əminliyi inkişaf etmiş ölkələrin sakinləri ilə müqayisədə müvafiq olaraq 50 və 42 faiz təşkil edir.
Sorğu zamanı 2014-cü ilin oktyabr-noyabrında 24 ölkədə 24 min istifadəçinin rəyi öyrənilib, - "Payspacemagazine” yazır.