Donbasda müharibə ehtimalı - Ukraynanın qələbəsinə ümid edənlər azdır

Donbasda müharibə ehtimalı -  Ukraynanın qələbəsinə ümid edənlər azdır backend

Ukrayna və Rusiya arasında mümkün müharibə ehtimalı günbəgün artmaqdadır.

Son günlərdə ölkələr arasında yaşanan gərginlik bunu deməyə əsas verir. Ekspertlər yaz fəslində müharibənin başlaya biləcəyini daha çox ehtimal edirlər. Rəsmi Kiyev də narahatlığını gizlətmir.

Rusiyanın Ukrayna ilə açıq hərbi qarşıdurmaya hazırlaşdığını iddia etmirik, lakin hadisələrin belə inkişafı təhlükə yaradır. Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Baş Qərargah rəisi Ruslan Xomçak deyib. “Bu gün qərargah müharibənin sabah olmayacağını deyir. Bunun üçün müvafiq faktorlar, Rusiya tərəfindən addımlar olmalıdır. Biz bu faktorları görmürük. Lakin təhlükə var. Təhlükə həm də ona görə var ki, Rusiya öz planlarından imtina etməyib”, - deyə Xomçak bildirib.

Burada əsas məsələlərdən biri də Qərblə bağlıdır. Məlumdur ki, Amerika başda olmaqla, Qərb ölkələri 2014-cü ildən bu günə qədər Krımı və Donbasın bir hissəsini işğal etdiyi üçün Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Amma bu sanksiyalar Ukraynanın itirdiyi əraziləri geri qaytarmağa yetməyib. Belə iddialar var ki, Qərb Ukraynanı savaşa sürükləyib, sonra arxasında dayanmaya bilər. Nümunə kimi də, 7 il öncəki müharibə göstərilir. Çoxları hesab edir ki, Ukrayna yeni savaşdan daha çox itkilərlə çıxa bilər.  Qərb (xüsusilə ABŞ) Ukraynanın Rusiya ilə açıq savaşında maraqlıdır, yoxsa ərazi bütövlüyünün bərpasında? Ukrayna ərazilərini geri almaq gücündədir, yoxsa tam Qərbə arxalanır?

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli: “Ukraynanın bu müharibədən qalib çıxması mümkün deyil”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bir sıra vacib məqamlara aydınlıq gətirdi: “Bu müharibədə əsas məqam ondan ibarətdir ki, Ukrayna savaşı sırf olaraq Rusiyaya qarşı aparır. Şimal qonşumuzun isə gücünü düşünsək, üstəlik, silahlarını nəzərdən keçirsək, Ukraynanın bu müharibədən qalib çıxması mümkün deyil. Gürcüstanın taleyini düşünsək, hər şey aydın görünür. Digər tərəfdən, məsələ hərbi potensiallar üzrə qiymətləndirilməlidir. Rus silahlarına qarşı Ukraynanın savaşı ancaq məğlubiyyətlə sonuclana bilər. Amma bir məsələni də deyim ki, Azərbaycan praktikasından istifadə etsə, rəsmi Kiyevin bir uğur qazanması mümkün görünür. Ehtimallar səslənə bilər ki, zaman yetişib, Ukrayna qalib gələ bilər. Amma bu ehtimal çox uzaq görünür. Üstəlik də Çin, Rusiya və İran arasında bir mərkəzləşmə getməkdədir. Burada isə daha ciddi faktorlar önə çıxır, nəinki Ukraynanın qalib gəlməsi”.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Elxan Şahinoğlu: “Qərb sözdə Kiyevi dəstəkləyir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Ukraynanın Şərqində vəziyyət getdikcə ağırlaşır. Atəşkəs intensiv olaraq pozulur və separatçıların təxribatları durmadan artır. Bu il başlayandan artıq Ukrayna ordusunda 23 həlak olan var. Sonuncu dəfə də 4 Ukrayna hərbçisi həlak oldu. Müharibə ehtimalı getdikcə artır. Hər kəsə məlumdur ki, separatçıların arxasında Rusiya dayanıb. Kremlin planı budur ki, Ukraynadan daha çox torpaq qoparsın. Amma bir məsələni də nəzərə alaq ki, Ukrayna ordusu son illərdə güclənib. Eyni zamanda rəsmi Kiyev Amerika, Türkiyə və digər ölkələrdən müasir silahlar alıb. Müharibə başlasa, Ukraynanın problemləri də arta bilər. Qərb sözdə Kiyevi dəstəkləyir. Rusiya ilə üz-üzə qalsa, qərbin Ukraynanı necə dəstəkləyəcəyi sual altındadır. Doğrudur, Kremlə qarşı Qərb sanksiyaları sərtləşdirəcək. Amma bunun Ukraynanı məğlubiyyətdən azad edəcəyi sual altındadır. Nəzərə alaq ki, Ukrayna Qərbə doğru üz tutanda Krımı, Donbasın bir hissəsini itirdi, ərazisində separatçı bölgələr yarandı. Bir sözlə, Qərb Ukraynanın ərazi bütövlüyünü qoruya bilmədi. Çox təəssüf ki, hadisələr yenidən təkrarlana bilər. Dediyim kimi, müharibə ehtimalı günbəgün artmaqdadır. Yay aylarına doğru gedirik və durmadan bu ehtimal artacaq. Ukrayna obyektiv olaraq ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycanın Ermənistan üzərindəki qələbəsi Ukraynanı həvəsləndirib. Amma bizdən fərqli olaraq, rəsmi Kiyevin qarşısında Rusiya dayanıb, Ermənistan kimi bir ölkə yox. Şimal qonşumuz güclüdür, daha imperialist siyasət yürüdür. Üstəlik, ukraynalı ekspertlərin mənə söylədiyi kimi, Ukraynanın Türkiyə kimi müttəfiqi yoxdur. Ukraynalılar açıq şəkildə mənə deyirdilər ki, Türkiyə Azərbaycana hərtərəfli dəstək verdi, amma Ukrayna üçün belə bir ölkə yoxdur. Qərb sözdə Rusiyaya qarşı təzyiqlər edəcək, sanksiyaları işə salacaq. Amma Türkiyə kimi bizə dəstək verən bir ölkə Ukrayna üçün tapılmayacaq. Üstəlik, rəsmi Kiyevin problemləri daha da artacaq”.

Bildirilir ki, Ukrayna təxminən 90 minlik canlı qüvvəni separatçı vilayətlərlə təmas xətti boyu cəmləşdirib. O cümlədən 450-dən çox tank və 2 minə qədər zirehli texnika, bir o qədər də artilleriya və reaktiv yaylım atəşi sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ekspertlərin iddiasına görə, “DXR” və “LXR”in milis birləşmələri əsasında yaradılan iki ordu korpusu var. İki ordu korpusu yeddi motoatıcı briqadadan, doqquz ayrı-ayrı ərazi-müdafiə taborundan və üç ayrı alaydan ibarətdir. Hər korpusda iki ayrı tank taboru və bir topçu briqadası var. Bu qüvvələrdən əlavə olaraq, “DXR” və “LXR”in ayrıca xüsusi təyinatlı taborları da fəaliyyət göstərir. “DXR” qoşunları təxminən 20 min nəfərdir. Luqansk separatçılarının canlı qüvvəsi isə 15 min nəfərdir. İki separatçı “respublikada” tankların ümumi sayı 340-dır. “DXR”-in 1-ci korpusunda 100 özüyeriyən artilleriya qurğusu (ACS), 80 reaktiv-raket sistemləri(MLRS) və 155 yedəkli atıcı artilleriya var. “LXR”in ikinci korpusunda isə 70 özüyeriyən artilleriya qurğusu, 70 reaktiv-raket sistemi, 100 qobubitsa və top var.

Yüngül zirehli texnika və digər silahların sayını da nəzərə alaraq ekspertlər deyir ki, separatçılar Ukrayna qoşunlarının hücumlarının qarşısını bir müddət saxlaya bilər. (“Yeni Müsavat”)

Diaspora