Rusiya ermənilərinin lideri Paşinyana meydan oxudu

Rusiya ermənilərinin lideri Paşinyana meydan oxudu backend

Rusiya Ermənilər Birliyinin rəhbəri (REB) Ara Abramyan növbəti dəfə baş nazir Nikol Paşinyana açıq şəkildə meydan oxuyub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Abramyan Ermənistandakı növbədənkənar seçkilərdə aktiv şəkildə iştirak edəcəyini açıqlayıb.

“Mən özümü günahkar sayıram ki, mübarizə aparmadım, ona (Paşinyana-M.) demədim ki, “sən kimsən?””İddialı danışan A.Abramyanın sözlərinə görə, elə şərait yaratmaq lazımdır ki, hər kəs öz yerində xoşbəxt olsun. Əlavə edib ki, xalqın təbəssümünü qaytarmaq lazımdır. REB sədri deyib ki, tezliklə müxtəlif ölkələrə səfər edəcək, görüşlər keçirəcək, ondan sonra Ermənistanda siyasi məsləhətləşmələr aparacaq. Abramyan tezliklə öz proqramının detallarını açıqlayacağını və komandasını elan edəcəyini bildirib. Bundan əlavə, təşkilat rəhbəri müxtəlif qüvvələrlə danışıqlarının anonsunu da verib. A.Abramyan xaricdə yaşayn ermənilərə müraciət edərək, seçki günü Ermənistanda olmağa səsləyib, “ölkənin xilası naminə” onları vətəndaşlıq borcunu verməyi tövsiyə edib. Onun sözlərinə görə, hakimiyyətə “sağlam siyasi qüvvələr” gəlməlidir. Abraymyanın sözlərinə görə, N.Paşinyan ölkədə hakimiyyəti saxlamaq gücündə deyil, çünki o, artıq idarəçiliyi əldən verib və Qarabağda müharibəni uduzub.

Xatırladaq ki, martın 8-də baş nazir N.Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin 20 iyunda keçiriləcəyini elan edib.

Rusiyadakı erməni diasporunun liderinin Paşinyana meydan oxuması sıradan məsələ deyil. Kremlin N.Paşinyana münasibəti bəllidir. Digər tərəfdən hələ hakimiyyətə yeni gəldiyi vaxt Rusiyadakı erməni diasporu erməni baş naziri soyuq qarşılamışdı. Yanvar ayında N.Paşinyan Moskvaya səfər edərkən A.Abramyan açıq şəkildə “Nikol, biz səni Moskvada gözləmirik, istefaya getməyini istəyirik”, çağırışını etmişdi.

Yeri gəlmişkən, A.Abramyanın seçki açıqlamasını məhz N.Paşinyanın Rusiyaya işgüzar səfəri ərəfəsində verməsi də maraqlı detaldır.

Diaspora