NASA Yerin 1,6 milyon km hündürlükdən çəkilmiş yüksək keyfiyyətli rəngli fotosunu dərc edib. İKT.lent.az-ın xəbərinə görə, foto “Deep Space Climate Observatory” (DSCOVR) aparatı vasitəsilə çəkilib. Təsvir üç ayrı fotonun birləşdirilməsi nəticəsində əldə edilib.
Yerin təsviri iyulun 6-da Şimali və Mərkəzi Amerika kameranı obyektivinə düşərkən çəkilib. Şəkildə günəş işığının atmosferdə yayılması nəticəsində əmələ gələn göy rəng üstünlük təşkil edir. Mütəxəssislər sonrakı təsvirlərdə bu atmosfer effektini yığışdırmaq üzərində çalışacaqlar. Bundan sonra gündəlik əldə olunacaq fotolarla bütün Yer kürəsi üzrə sutkalıq dəyişikliklər tədqiq ediləcək.NASA-nın Milli Okeanik və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) və Hərbi Hava Qüvvələri ilə tərəfdaşlığı şəraitində həyata keçirilən DSCOVER layihəsinin əsas məqsədi günəş küləyinin real rejimdə monitorinqini aparmaqdır. Bu, kosmik havanın dəqiq proqnozlaşdırılması üçün mühüm əhəmiyyətə malikdir. Geomaqnit qasırğaları kimi kosmik hadisələr vaxtında və dəqiq proqnozlaşdırılmasa, elektrik şəbəkələri, telekommunikasiyalar, aviasiya və GPS kimi vacib infrastruktur şəbəkələri sıradan çıxa bilər.