"İlk oyundakı nəticədən narazı qala bilmərik. Çünki azarkeşlərlə dolu stadionda güclü rəqibə qarşı oynamaq asan deyildi. Bu səbəbdən Bakıdakı nəticədən razıyıq".
QAZİLER.AZ saytının Qol.Az-a istinadən məlumatına görə, bu sözləri "Rudar"ın kapitanı Nedelko Vlahoviç Monteneqro mətbuatına açıqlamasında deyib.
31 yaşlı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la cavab matçına çıxacaq komandasının mərhələ adlamaq şanslarını dəyərləndirib: "Bəlkə də, çoxları bizim müdafiə futbolu oynamağımızı bəyənmir. Lakin bu, bizi narahat etmir. Çünki Bakıda nəticəyə oynadıq və hədəfimiz uduzmamaq idi ki, buna da nail olduq. "Qarabağ"ın cavab matçında da hücuma atılacağını bilirik. Əminəm ki, baş məşqçimiz Azərbaycan çempionunun hücumlarının qarşısını almaq üçün plan qurub.
Rəqibin üzərində böyük təzyiq var. Azərbaycanda hər kəs onlardan qələbə gözləyir. Əgər "Qarabağ" mübarizəni dayandırsa, bu, onlar üçün faciə olacaq. Biz isə pul haqda yox, oyun barədə düşünməliyik. Əks təqdirdə bu, bütün oyun sistemimizi poza bilər. "Rudar"ın heyətində cəmi 5 avrokubok matçında iştirak etmişəm. Təəssüf ki, Monteneqro klubları Çempionlar Liqasında II təsnifat mərhələsini adlaya bilmirlər. Ancaq bu dəfə şansımız var və "Qarabağ"la oyuna yaxşı köklənmişik. Əgər bu mərhələni keçsək, "Seltik"lə qarşılaşacağıq və "Seltik Park"da gözəl tamaşanın iştirakçısı olacağıq. Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Rudar" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.